Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb.
Bununla bağlı Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar verilib.
Həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazova şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri ötən il mayın 5-də yüksək vəzifəli DSX zabitlərinin saxlanılması ilə bağlı məlumat yaymışdı.
Məlumatda deyilirdi ki, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının, o cümlədən sərhəd sularında rejimə əməl olunmasının təmin edilməsində bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DSX zabitləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdular.
Onlara qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 308-ci ( vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülmüşdü.