18 May 2021
Mətni dəyiş
Azərbaycanlılar və svanlar arasında qarşıdurmaların yaşandığı Gürcüstanın Dmanisi şəhərində vəziyyət hazırda stabildir.
Bu barədə “Sputnik Gürcüstan” xəbər verir.
Ölkənin Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Nazirliyi açıqlama yayaraq iğtişaşların bitməsini alqışladığını və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşının ölkədə sabit, dinc və bərabər mühit yaratmaq üçün dövlətin məsuliyyətini dərk edəcəyinə ümid etdiyini bildirib.
Qeyd olunub ki, vəziyyətə nəzarət etmək üçün səfərbər olunmuş polis qüvvələri hələ də bölgədədir.
“Bütün vətəndaşların bu cür bəyanatlara ehtiyatla yanaşmaları vacibdir. Belə hallarda vəziyyətin süni şəkildə gərginləşdirilməsi dövlətin və çoxmillətli cəmiyyətimizin mənafeyinə zərər verə bilər”,- deyə nazirliyin açıqlamasında bildirilib.
Şərqi Gürcüstan müftisi Etibar Eminov da, öz növbəsində qarşı tərəflə görüşdükdən sonra barışığa gəldiklərini və münaqişənin davam etməyəcəyini deyib.
“Bütün tərəflərin - din xadimlərinin, dövlətin, əhalinin iştirakı ilə gündəlik həyat zəminində baş verən münaqişə ilə əlaqədar bir razılaşma əldə edildiyi üçün çox şadam və xoşbəxtəm. Bir-birilərini bağışladılar və barışdılar. Bu, sevindiricidir və xoş qarşılanır. Yerli sakinlərə bir din xadimi olaraq arzum və tövsiyəm bir-birinizə qayğı göstərməyinizdir. Əminəm ki, xalqımız qarşıdurmanın qızışdırılmasına imkan verməz, onlar həmişə barışıq və dinc yanaşı yaşamaq tərəfdarıdırlar”, - deyə Eminov əlavə edib.
Xatırladaq ki, qarşıdurmalar mayın 16-da Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücumdan sonra başlamışdı.
[video width="640" height="352" mp4="https://www.abzas.net/wp-content/uploads/2021/05/y2mate.com-Dmanisidə-yerli-azərbaycanlilarin-magazasina-kutləvi-hucum-olub_360p.mp4"][/video]
İnsidentlə bağlı ötən gün Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.