İran Xarici İşlər Nazirliyi bu ölkənin yük maşınlarının Dağlıq Qarabağa yük daşımasına dair yayımlanan foto və videolara münasibət bildirib və bunun yalan məlumatlar olduğunu qeyd edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə danışıb.
Sözçü deyib ki, Azərbaycan və Ermənistanda baş verən proseslərlə bağlı bütün xəbərlərin istinad mərkəzi İran İslam Respublikası Xarici İşlər Nazirliyi və İranın Azərbaycan və Ermənistandakı səfirlikləridir.
Hər iki ölkə mətbuatını təsdiqlənməmiş xəbərlərin yayımlanmasından çəkinməyə çağıran S.Xətibzadə qeyd edib ki, 44 günlük müharibədən sonra tərəflər arasında müsbət atmosfer yaranıb: “Mən hamını müharibədən sonra iki ölkə arasında əməkdaşlıq üçün yaranmış atmosferdən istifadə etməyə çağırıram. Onlardan əldə olunmuş razılıqların qorunub saxlanılması və icrası üçün bir-birlərinə yardım etmələrini təmənna edirəm.
Hər iki ölkənin KİV-lərindən təsdiqlənməmiş, mənbəyi məlum olmayan və yalan məlumatların yayılmasından çəkinmələrini istəyirəm".
Qeyd edək ki, bir neçə gün əvvəl İrandan qaçaqmalçılıq yolu ilə Qarabağa, ermənilər yaşayan ərazilərə yük avtomobilləri ilə şübhəli məhsulların daşınması barədə xəbərlər yayılıb. Bu maşınlar isə Laçın dəhlizində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları tərəfindən əraziyə buraxılır.
Bununla bağlı “Azad İran” teleqram kanalı görüntülər yayıb. Bildirilib ki, mayın 8-də İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınının Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı yeni video daxil olub.
Xatırladaq ki, bir neçə gün əvvəl də “Azad İran” kanalında İrandan qanunsuz olaraq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.
İranın Azərbaycandakı səfirliyinin bu məsələni araşdırmasına baxmayaraq, hələlik bir nəticə yoxdur və İrandan Qarabağa qaçaqmalçılıq yolu ilə mallar hələ də gəlməkdədir.