ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Mayın 17-si axşam radələrində baş tutan görüşün Ermənistan - Azərbaycan sərhəddində baş verən son gərginliklərlə əlaqəli olduğu deyilir.
Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginliklə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. Ceyk Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.
İ.Əliyev Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığını bildirib. Prezident bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib. Ancaq o, Qarabağ ətrafında baş verən məsələlərin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.
Əliyev bildirib ki, Ermənistan 10 noyabr bəyanatınən şərtlərindən irəli gələn addımların atılmasına qeyri-adekvat reaksiya verib.
Tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər də müzakirə olunub.