20 May 2021
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, mayın 20-də Azərbaycanla bağlı 4 qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb, dövlətin üzərinə ərizəçilərə ümumilikdə 118 min avrodan artıq təzminat ödəmək vəzifəsi qoyub.
Bu barədə Turan İnformasiya Agentliyi məlumat verib.
Bu işlər birləşmək hüququnun pozuntusu iddiaları və 2017-ci ildə həbs edilən bloqer Aleksandr Lapşinin şikayəti ilə bağlıdır.
"Mehman Əliyev və başqaları Azərbaycana qarşı" işində Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, ərizəçilərə münasibətdə birləşmək azadlığı hüququ pozulub. 12 ərizəçinin hər birinə 4500 avro, hüquqi xərclərə görə isə ümumilikdə 6000 avro ödənilməlidir.
Mehman Əliyev 2009-cu ildə Samir İsmayılov və Emin Hüseynovla birlikdə “Media Monitorinq Institutu”nu təsis etsələr də Ədliyyə Nazirliyi həmin birliyi qeydiyyata almayıb. Yerli məhkəmələr də bunu qanuni sayıb.
"Elçin Abdullayev və başqaları Azərbaycana qarşı" işində də məhkəmə ərizəçilərin birləşmək hüququnun pozulduğuna qərar verib. Qərara görə, hökumət 13 ərizəçidən 4-nün hər birinə 540 avro, 2-nin hər birinə 1080, 3-nün hər birinə 1620, 1 ərizəçiyə 2160, 2 ərizəçinin hər birinə 2430, 1 ərizəçiyə 4500, 1 ərizəçiyə 6000, 1 əriəçiyə 1000, 1 ərizəçiyə 360 avro təzminat ödəməlidir (ümumilikdə 28060 avro).
Bu işdə ərizəçilər Abdullayev və Nurməmmədov təsisçiləri olduqları “HİV/AİDS və Vərəmli Xəstələrin Reabilitasiya və Müdafiə Mərkəzi”nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə qanuna müvafiq şəkildə müraciət etsələr də qeydiyyatdan imtina olunub. Yerli məhkəmələr nazirliyin qərarını haqlı sayıb.
"Elçin Məmməd Azərbaycana qarşı" işində AİHM bu şikayətin qəbuledilməz olmasına qərar verib.
Bu işdə ərizəçinin təsisçisi olduğu “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilib.
"Aleksandr Lapşin Azərbaycana qarşı" işində AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) qərar verib. Ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.
Bu iş İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan ərizəçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz daxil olması səbəbindən saxlanılması, həbs edilməsi, azadlıqdan məhrum olunması zamanı baş verən olaylarla bağlıdır. Ərizəçi yaşamaq və azadlıq-toxunulmazlıq hüququna müdaxilə baş verdiyini iddia edir.