Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində baş verən narahatedici hadisələri diqqətlə izləyir.
Bunu ötən gün Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.
"Avropa xarici siyasət xidmətinin baş katibi Stefano Sannino Cümə axşamı mənim adımdan Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə söhbət edib, hər iki tərəfi maksimum təmkinlilik göstərməyə və eskalasiyanı azaltmağa çağırıb", - Borrelin bəyanatında deyilir.
“Sərhədlərin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır. Biz iki tərəf arasında texniki səviyyədə davam edən əlaqələri alqışlayırıq", - Borrel qeyd edib.
Vaşinqton da cümə günü Azərbaycan və Ermənistan arasında mövcud sərhəd gərginliyi fonunda danışıqlara çağırışını təkrarlayıb.
Dövlət Departamentinin Mətbuat Katibinin müavini Jalina Porter jurnalistlərə açıqlamasında, "Ermənistanla Azərbaycan arasındakı demarkasiya sərhədindəki vəziyyəti diqqətlə izləyirik" - deyib.
“Mübahisəli ərazilərdəki hərbi hərəkatlar məsuliyyətsizdir və lazımsız təxribatdır. Əlbəttə bir qədər geri çəkilmə barədə xəbərləri gördük və təsdiqlənərsə, bunu alqışlayırıq, amma Azərbaycanın bütün qüvvələri dərhal geri çəkəcəyini və yeni təxribatlardan çəkinəcəyini gözləyirik, ” - deyib.
"Hər iki tərəfi sərhəd məsələlərinə müzakirə və danışıqlar yolu ilə yanaşmağa çağırdıq," - o qeyd eləyib.
Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti Laçın rayonunda Ermənistan sərhəddinin yaxınlığında baş verən hadisələrə müəyyən aydınlıq gətirib.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, sərhəddə Azərbaycanın hüdudlarının möhkəmləndirilməsilə bağlı işlər aparılır. Sərhəddin təhlükəsizliyini təmin etmək üçün xüsusi infrastruktur yaradılır. Erməni tərəfin narazılığı ilə əlaqədar iki ölkənin sərhədçiləri arasında danışıqlar aparılır.