ABŞ Dövlət Departamenti mayın 12-də “2020-ci ildə Beynəlxalq Din Azadlığı Hesabatı”nı təqdim edib.
Hesabatın Azərbaycana aid hissəsində ötən il ölkənin məhkəmə instansiyalarının 2018-ci ildə Gəncənin o vaxtkı icra başçısına hücum, daha sonra iki polis zabitinin öldürülməsi işinə, apellyasiya şikayətlərinə baxdığı vurğulanır. Hakimiyyət təqsirli bilinənləri şiə “ekstremist sui-qəsd”in tərkib hissəsi sayır, onların konstitusion quruluşu devirmək istədiklərini bildirir.
Vətəndaş cəmiyyəti fəalları isə hökmlərin böyük hissəsini siyasi motivli hesab edirlər. Onlar Gəncə hadisələri ilə əlaqədar ilin sonunadək 43 nəfərin həbsdə olduğunu bildirir.
Hesabatda deyilir ki, hakimiyyət ekstremist qrup hesab etdiyi, qeydiyyata almadığı Müsəlman Birliyi Hərəkatına bağlı fərdlərə qarşı hüquqi tədbirləri davam etdirib. Vətəndaş cəmiyyəti və insan haqları fəalları isə hərəkat üzvlərinin həbsini siyasi motivli sayırlar.
Sənəddə dini icmaların qeydiyyat probleminə də toxunulur. Üzv sayı 50-dən az olan icmaların qeydiyyatına icazə verilmədiyi qeyd olunur. Hökumətin mövqeyincə, minimum sayı 50-dən aşağı salmaq ekstremizmin təşviqinə xidmət edər.
“Hökumət dini materialların idxalı, yayılması və satışına nəzarəti əlində saxlayıb. İyunda Cinayət Məcəlləsinə dəyişiklik olunub, “azadlığın məhdudlaşdırılması” cəza növlərinə əlavə edilib. Daha öncəki cəza növlərində hökumətin icazəsi olmadan dini kontentin dərci, yaxud yayılması üçün cərimə və həbs nəzərdə tutulurdu”, – hesabatda vurğulanır.