Bu gün mayın 10-dur. Mərhum prezident Heydər Əliyevin doğum günü. 10 may həm də Heydər Əliyevin şəhərin mərkəzində yerləşən heykəlinə "Qul bayramınız mübarək" yazılması günü kimi də xatırlanır. Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı ilin məhz bu günündə keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunmuşdular.
Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-i Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Gənclər 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.
Bu ilin may ayının 4-ü fəallardan biri, Bayram Məmmədovun cansız bədəni Türkiyədə dənizdən tapılıb. Fəalın vəfatı ilə bağlı rəsmi açıqlamada "ehtiyatsızlıq səbəbindən baş verdiyi" yazılsa da, həm Türkiyə polisi, həm də ictimaiyyət bu ölümü şübhəli hesab edirlər. Ölkədə Heydər Əliyevin ad günü ilə əlaqədar hər il külli miqdarda vəsait xərclənən "Gül bayramı"nın ləğvi ilə nəticələnən etirazların müəlliflərindən biri olan Bayramın ölümündən sonra, hər kəs üçün bu il mayın 10-nun necə keçəcəyi maraqlı idi.
Gecə saatılarında ölkə ərazisində divarlara Bayram Məmmədovla bağlı şüarlar yazılıb. "Bayrama ne oldu?" və "Bayramın qatili dövlətdir" kimi şüarların əks olunduğu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Eyni zamanda, Azərbaycanın Hollandiya səfirliyinin binasına da “Qul Bayramı” sözləri yazılıb. Səhər saatlarına yaxın Çexiyadakı Azərbaycan səfirliyinin qarşısına Bayram Məmmədovun ölümüylə bağlı plakat asılıb. Günorta saatlarında Berlindəki Türkiyə səfirliyi önündə siyasi-ictimai fəal Bayram Məmmədovun müəmmalı ölümü ilə əlaqədar aksiya keçirilib. Axşam saatlarında isə aksiya Berlindəki Azərbaycan səfirliyi önündə davam edib. Gecə və gündüz Heydər Əliyevin Bakının mərkəzi küçələrində yerləşən heykəlləri polislər tərəfindən mühafizə edilib.