İranın ali rəhbəri ayətulla Seyid Əli Xamenei xarici işlər naziri Məhəmməd Cavad Zərifin mətbuata sızdırılan səs yazısına münasibət bildirib.
Əli Xamenei deyib ki, Cavad Zərifin danışıqları qəbul edilməzdir. Onun sözlərinə görə, xarici işlər naziri İranın düşmnənlərinin dili ilə danışıb.
"Bu səs yazısını İrana qarşı olan media qurumları yayıb. Təəssuflə dinlədim. Orada səslənən fikirlər İranın düşmənlərinin fikirləridir. Amerika İranın bölgədəki nüfuzundan narahat olduğuna görə Qasım Süleymanini öldürüb. Qüds Gücü İranın Qərbi Asiyadakı əsas gücüdür. Qərblilər istəyir ki, İranın xarici siyasəti Qərbə yönəlik olsun, bu səbəbdən İranın Çin və Rusiya ilə münasibətlərindən narahatdır. Ona görə də, İran rəsmisi nə danışdığına baxmalıdır", - deyə İranın ali rəhbəri ayətulla Seyid Əli Xamenei bildirib.
Əli Xamenei əlavə edib ki, heç bir ölkədə xarici siyasəti ölkənin Xarici İşlər Nazirliyi aparmır, qərarları daha üst qurum verir. XİN bunu sadecə icra edir. Hər kəs diqqətli olmalıdır ki, düşmənlərimiz sevinməsin. Bir müddət öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb. Səs yazısında Zərifin SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymani haqqında söylədiyi sərt ifadələr yer alıb. Zərif, həmçinin Rusiyanın nüvə razılaşmasının uğur qazanmasına hər cür maneə yaratdığını deyib. O, İranın Qərblə münasibətlərinin yaxşılaşmasının Moskvanın marağında olmadığını bildirib.
İran XİN sözçüsü Zərifin sözlərinin təhrif olunduğunu və səslərin redaktə olunaraq efirə verildiyini açıqlayıb.