Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfər edib. Dendias 15 apreldə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Nikos Dendias rəsmi görüşlər üçün Türkiyədə olacaq: "Yunanıstan xarici işlər naziri Nikos Dendias Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu ilə görüşmək üçün ölkəmizə səfər edəcək. Görüşdə ikili münasibətlər və regional məsələlər müzakirə olunacaq", - deyə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Məlumatlara görə, Dendiasın gündəmində əsasən Egey adaları və Şərqi Aralıq dənizindəki gərginlik, eyni zamanda dəniz yurisdiksiyası razılaşmaları var.
Digər bir vacib mövzu da terrorla mübarizə olacaq. Afina rəhbərliyinin Fetullahçı Terror Təşkilatına (FETÖ) və PKK-ya verdiyi dəstəyə görə duyulan narahatlıq çatdırılacaq. Dendiasın Ankara səfərindən əvvəl İstanbulda Fener Rum Patriarxı Bartholomeos ilə görüşəcəyi gözlənilir.