Rusiyanın dövlət kanalı "Rossiya 1" Rusiyada yeni istehsal olunan və havada basdırılmış mina kimi xarakterizə edilən “Lancet” adlı kamikadze dronun təqdimat vaxtı türk PUA-larını hədəf alan animasiya yayımlayıb.
Animasioya yayımlandıqdan sonra birmənalı qarşılanmayıb. Birbaşa Türkiyə istehsalı olan "Bayraktar TB2" dronlarını hədəf alan animasiyanın yayılması iki ölkə arasındakı diplomatik münasibətlərə zərər verməsə də, hərbi çevrələrdə qarşılıqlı atışmalara səbəb olub.
Türkiyə tərəfinin də buna cavabı gecikməyib. "Roketsan" Selçuk Bayraktar tərəfindən hazırlanan "Bayraktar Akıncı Taarruzi" dronlarının ilk test atışlarını həyata keçirib və görüntülərini yayımlayıb. Qüsursuz baş tutan testlərdən sonra Selçuk Bayraktar görüntüləri Twitterdə paylaşıb.
Bayraktar TB2 - ortahündürlüklü əməliyyat-taktiki pilotsuz uçan zərbə aparatıdır. Bayraktar Makina şirkətinin istehsalı olan bu aparat uzun müddət səmada qala bilir. 2014-cü ilin avqust ayında TB2 taktiki ortahündürlüklü PUA sinifində uçuş müddəti üzrə dünya rekorduna imza atıb. TB2 8 kilometr hündürlükdə 24 saat 34 dəqiqə qalmağa müvəffəq olub.
Bayraktar PUA layihəsi üzərində çalışmalar 2000-ci illərdə başlayıb. Bu gün Türkiyə və Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında olan TB2 modeli 2009-cu ildə buraxılmış TB1 modelinə əsaslanır. Bayraktar TB2 modelinin texniki xarakteristikaları belədir:
- Uzunluğu: 6,5 metr
- Qanadların genişliyi: 12 metr
- Maksimal uçuş çəkisi: 650 kiloqram
- Yükgötürmə qabiliyyəti: 55 kiloqram
- Maksimal sürəti: 222 km/saat
- Kreyser sürəti 130 km/saat
- Fəaliyyət radiusu: 150 kilometr
- Tavanı: 8200 metr
- Avtonomluğu: 24 saat