"Rusiya Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı dünyada ilk olan havada mina yerləşdirmə sistemləri yaradıb"
Bu sözləri Rusiyanın rəsmi müdafiə sənayesi şirkəti olan "Rostech"-in nəzdində fəaliyyət göstərən "ZALA AERO" şirkətlər qrupunun rəhbəri Aleksandr Zaharov deyib.
Zaharov bildirib ki, yeni mina yerləşdirmə sistemlərinin əsas funksiyaları bundan əvvəl Rusiyada hazırlanan, normal PUA-lardan iki dəfə daha sürətli olan "Lantset" komikadze dronlarından götürülüb. Şirkət rəhbəri deyib ki, ilk dəfə Rusiyada hazırlanan bu sistemlər havada müşahidə missiyasını həyata keçirəcək və düşmənlərin keçə bilməyəcəyi bir əngəl yaradacaq.
Hələlik hava balonları üzərində test edilən sistem real fəaliyyətə başladıqda onlarla saat havada qala biləcək.
Bundan əvvəl isə Rusiya mətbuatında Rusiyanın Türkiyə istehsalı olan "Bayraktar TB2"-yə qarşı yeni müdafiə sistemi hazırladığı yazılıb. Xüsusən, 2-ci Qarabağ müharibəsində göstərdiyi performansla diqqət çəkən “Bayraktar TB2”-lər Rusiyanın narahatlığına səbəb olmuşdu.