Rusiya prezidenti Vladimir Putin ona Donbasda görüş təklif edən Ukrayna prezidenti Vladimir Zelenskini Rusiyaya dəvət edib. Putin bildirib ki, Zelenski ilə Rusiyada ikili münasibətləri müzakirə etməyə hər zaman hazırdır.
Rusiya prezidenti bu barədə Kremldə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüş zamanı danışıb. Putin Lukaşenko ilə görüşün mətbuata açıq hissəsində çıxış edərək bildirib ki, əgər Zelenski ikili münasibətləri yenidən canlandırmaq istəyirsə, bundan məmnun olarlar.
"İkili münasibətləri müzakirə etmək üçün Zelenskiylə uyğun bir vaxtda Moskvada görüşməyə hazıram", - deyə Rusiya prezidenti Vladimir Putin bildirib.
Bundan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Qara dənizdə artan gərginliklə əlaqədar olaraq Rusiya Prezidenti Vladimir Putin ilə görüşmək istədiyini bildirib. Ancaq Zelenski rusiyalı həmkarı Vladimir Putinə Donbasda görüşməyi təklif edib.