14 Aprel 2021
Mətni dəyiş
Bu gün Ermənistan parlamentinin iclasında çıxış edən baş nazir Nikol Paşinyan deputatların suallarına cavab verərkən bu ölkənin sonuncu Qarabağ müharibəsi zamanı olan itkiləri haqda danışıb. Paşinyan deyib ki, hal-hazırda Ermənistanın təsdiqlənmiş canlı itkilərinin sayı 3621 nəfərdir.
Bununla belə Paşinyan deyilən rəqəmin məhz sənədləşdirilmiş rəqəmlər olduğunu bildirib. "Bu itkilər o insanlarıdır ki, onların ölümü haqda arayışlar verilib. Bizim bundan başqa 321 nəfər itkinimiz var. Həmçinin şəxsiyyəti DNT analizi ilə müəyyən edilmə mərhələsində olan daha 201 nəfərimiz var. Daha 100 nəfərin isə şəxsiyyəti müəyyən olunsa da yaxınlar bununla razılaşmayıb, belə adamları da başa düşmək olar" - deyə Paşnyan bildirib. O əlavə edib ki, xeyli adam öz uşaqlarının hələ ölmədiyinə, hardasa sağ olduğuna inanır, inanır ki, onlar evlərinə qayıdacaq.
Ermənistan hökümətinin başçısı yekun rəqəm səsləndirərkən bildirib ki, Ermənistan tərəfinin ümumi itkiləri 4000-4050 nəfərə yaxındır. Bundan sonra Erməni deputatlar müharibədə həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.