Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnı həbsxanada başlatdığı aclıq aksiyasını 24 gün sonra dayandırıb. Navalnı həbsxanada ona qarşı olan ayrıseçkiliyə görə aclıq aksiyası edirdi. Həbsxanada vəziyyəti ağırlaşan müxalifət lideri xəstəxanaya aparılmışdı və bu günlərdə həkimlər onun aclığı davam etdirəcəyi təqdirdə ölə biləcəyi ilə bağlı açıqlama vermişdilər. Müxalifət lideri bu gün aclığı dayandırmaqla bağlı qərar qəbul edib. O, mülaciəsini davam etdirəcək həkimi özü seçəcək. Navalnı Rusiyada və xaricdə ona dəstək olan hər kəsə təşəkkür edib.
Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.
Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı. Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.
Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.
Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.