19 Aprel 2021
Mətni dəyiş
"Gəncə işi"nə görə həbs olunan məhbuslardan biri Firudin Zeynalov istintaq təcridxanasından yerli və beynəlxalq ictimaiyyətə telefon müraciətində bildirir ki, Gəncə hadisələrinə bağlılığı yoxdur. O 2017-ci ildə Gəncədə Aşura günü "İmamzadə" ziyarətgahında mərasimdən sonra polisə tabe olmamaq və xuliqanlıq ittihamı ilə həbs edilib. Üstəlik, əvvəlcə onu inzibati xətada ittiham ediblər və cərimə təyin ediblər.
Yunis Səfərovun Gəncənin keçmiş icra başçısı rəhbəri Elmar Vəliyevə sui-qəsd törətdiyi zaman (2018-ci ilin iyulunda) Firudin Zeynalov artıq həbsdə idi. O hesab edir ki, 14 iyun 2018-ci il tarixində xalqa etdiyi müraciətinə görə onu bu iş üzrə cəlb ediblər. O, "xalqa tezliklə diktator rejimə qalib gəlməyi" arzulayıb. Düz bir aydan sonra Gəncə iğtişaşlarında iştirakı ilə bağlı ona yeni ittihamlar irəli sürülüb.
Firudin Zeynalov təqsirsiz olduğuna görə azadlığa buraxılmasını tələb edir.
Bundan öncə vəkil Fariz Namazlı müdafiə etdiyi şəxsin aclığa başladığını bildirib.
*3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.
Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.
Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib. Yunis Səfərovvə digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.