Sərhəddsiz Reportyorlar təşkilatı 2020-ci il üçün dünya mətbuat azadlığı reytinq cədvəli və 180 ölkədə mətbuatın vəziyyəti barədə hesabat yayıb. Hesabata görə keçən il dünyada mətbuat üçün ən pis illərdə biri olub. Belə ki, 180 ölkənin hrdasa dörddə üçündə jurnalistika "tamamilə və ya qismən əngəllənib". Azərbaycanın adı yenə reytinq cədvəlinin sonlarına yaxın, 167-ci yerdədir.
İllik mətbuat azadlığı reytinqinə görə dünyadakı 180 ölkənin 73-də jurnalistlərə öz işini görməyə "tamamilə, yaxud da ciddi şəkildə əngəllər törədilib". 59 ölkədə isə hökümətlər mətbuat işçilərinə təzyiqi artırmaq üçün karantindən istifadə edib.
Hesabata görə ümumiyyətlə Covid-19 pandemiyası "hökümətlər üçün mətbuat azadlığını məhdudlaşdırmaq üçün gözəl fürsətə çevrilib". Sərhəddsiz Reportyorlar Təşkilatının baş katibi Kristof Deloirin yaydığı bəyanatda deyilir ki, "Təəssüf ki, jurnalistlərin emal etdiyi və yaydığı xəbərlər çox vaxt siyasi, iqtisadi, texnoloji və hətta bəzən mədəni faktorlar tərəfindən əngəllənir".
2020-ci ildə dünyada mətbuatın ən pis vəziyyətə düşdüyü ölkələr Eritreya, Şimali Koreya, Türkmənistan, Çin və Cibuti olub. Mətbuat azadlı üzrə ən yaxşı yerlər isə Norveç, Cənubi Koreya, İsveç, Danimarka və Kosta Rikanın payına düşüb. Dünyadakı 180 ölkədən 12-si digərləri ilə müqaisədə mətbuatın "yaxşı vəziyyətdə" olduğu ölkələrdir.
Sənədə görə Orta Asiya və Şimali Afrika jurnalistlərin ən çox təzyiqlərə məruz qaldığı bölgələrdir. Siyahıda 170-ci sıradan sonralarda yer alan Səudiyyə Ərəbistanı, Misir və Suriyada isə keçən ilə nisbətən mətbuatın vəziyyəti daha da pisləşib.
Sənəddə vurğulanır ki, Azərbaycanda hər cür çoxsəslilik böğulur. Müstəqil jurnalistlər, bloqçular təhdidə, şantaja, rüşvətə məruz qalır, bunlara boyun əyməzlərsə, qurama ittihamlarla həbs edilirlər. Azərbaycandan mühacirət edən jurnalistlər, bloqçular rahat buraxılmır, onları susdurmaq üçün Azərbaycandakı yaxınları, ailə üzvləri basqı altında saxlanılır. Əsas güvənli xəbər resursları bloklanmış qalır.
Ötən il Ermənistanla 44 günlük Qarabağ müharibəsi zamanı internetin məhdudlaşdırılması jurnalistlərin işinə maneələr yaradıb. Azı yeddi jurnalistin xəsarət aldığı, xəbərləmə işinin əngəlləndiyi bildirilir.
Buna baxmayaraq, Azərbaycan indeksdə bir pillə irəli gedərək 167-ci yerə qalxıb, Ermənistan isə 2 pillə geriləyib 63-cü olub. Gürcüstan reytinq cədvəlində 60-cı yerdədir.
Sənəddə vurğulanır ki, 2019-cu ilin sonlarında Azərbaycanda elan edilmiş islahat gözləntiləri suya düşməkdədir. Hesabata görə, son 1 ildə 180 ölkədə 6 jurnalist, 4 mediada çalışan öldürülüb. 305 jurnalist, 100 vətəndaş jurnalisti, 12 mediada çalışan məhkum edilib.