Azərbaycan prezidenti bu gün aprelin 13-də keçirdiyi mətbuat konfransında deyib ki, rus həmkarı Vladimir Putinlə Dağlıq Qarabağda tapılan "İskəndər-M" raketləri haqda informasiyanı müzakirə edib.
Onun sözlərinə görə müzakirə aprelin 1-də baş tutub.
“Aprelin 1-də rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım oldu. Adətən bildiyiniz kimi, telefon danışıqlarının məzmunu tərəflər arasında razılaşdırılır, birgə, razılaşdırılmış informasiya yayılır. Lakin mən Azərbaycan xalqından heç nəyi gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyi fotolarla, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələlik heç bir cavab almamışıq”,-Əliyev bildirib.
Azərbaycan dövlət başçısı rəsmi Yerevanın bu raketlərin istifadə olunması ilə bağlı bəyanatlarını da “qəribə” adlandırıb. “Onlar gah deyirlər raketlər partlamayıb, gah deyirlər bu sirrdir. Deməli hər halda istifadə olunub. Biz rəsmi Yerevandan cavab gözləyirik. Mən sizə deyə bilərəm ki, bizdə kifayət qədər informasiyalar var, amma biz rəsmi izahat gözləyirik”,-İlham Əliyev əlavə edib.
Bu yaxınlarda İlham Əliyev başqa bir çıxışında Ermənistanın "İskəndər-M" raketlərini hardan alması ilə bağlı sual səsləndirib və bu sualın cavabını gözlədiyini deyib. Prezident həm də bu raketin "Ermənistanın Qarabağdakı hərbi cinayətlərinin" sübutu olduğunu deyib.
Xatırladaq ki, aprelin 2-də Azərbaycanın minalardan təmizləmə agentliyi (ANAMA) Bakıda Dağlıq Qarabağdan tapılmış "İskəndər" raketlərinin qalıqlarını nümayiş etdirib. Erməni tərəfi isə Qarabağda belə raketlərin istifadə olunmadığını iddia edir.