9 Aprel 2021
Mətni dəyiş
Avropa Şurası 2020-ci il üçün cəza statistikalarını yayıb. Statistik məlumatlarda ölkələr üzrə həbsdə olan adamların sayı, əhalinin say nisbətinə görə məhbusların sayı, hər məhbusa xərclənən pul və s. açıqlanıb.
Statistikaya görə Avropa həbsxanalarında əhalinin say nisbətinə görə ən çox məhbus Türkiyədədir. Belə ki, 2020-ci ildə Türkiyədə hər 100 min nəfərdən 357,2 nəfəri həbs həyatı yaşayır. Türkiyədən sonra siyahıda hər 100 min nəfərdən 356,1 nəfər məhbusla Rusiya gəlir. Əhalinin sayına görə ən çox məhkumun olduğu ölkələr Litva, Azərbaycan, Çexiya, Polşa, Slovakiya, Estoniya, Latviya, Çürnoqoriya, Albaniya, Macarıstan, Moldova, Serbiya, Malta və Böyük Britaniyadır.
Statistik məlumatlara görə, Azərbaycanda 2020-ci ildə ümumilikdə 21012 məhbus olub. Onların 2,7 faizi qadınlardır. Hər 100 min nəfərə 208.7 məhbus düşür.
Məhbus sayında azalma müşahidə olunur. Hər 100 min nəfərə düşən məhbus sayı 2018-ci ildə 235, 2019-cu ildə 218, 2020-ci ildə 208 nəfər olub. 2010-cu illlə müqayisədə azalma 14 faiz təşkil edib. Son 10 ildə Ermənistan və Gürcüstanda isə azalma 50 faiz olub.
Hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə, Azərbaycan AŞ məkanında 5-cidir. 1-ci Türkiyədir – orda 100 minə 357 məhbus düşür. Bu göstərici Rusiyada 356, Gürcüstanda 263, Litvada 219-dur. Hər 100 min nəfərə Ukraynada 126, Ermənistanda 75, İslandiyada 45, Finlandiyada 48 məhbus düşür.
Məhbuslar arasında narkotik cinayətlərinə görə cəza çəkənlərin ümumi çəkisi daha artıqdır – belə məhbuslar ümumi məhbusların 29 faizini təşkil edir.
Azərbaycan həbsxanalarında boş yerlər var – hesabata görə, mövcud olan hər 100 həbs yerinə 82.4 məhbus düşür. Məsələn, Türkiyədə hər 100 həbs yerinə 127, İtaliyada 120 məhbus düşür.
Azərbaycan Avropa Şurası ölkələri arasında məhbuslara ən az pul xərcləyən ölkələrdəndir. Saxlanılan şəxs üçün günlük çəkilən xərc 6,7 avro, məhkum edilmiş hər bir nəfər üçün günlük xərc 5,9 avro təşkil edir. Azərbaycandan az xərcləyən cəmi 2 ölkə var: Rusiya hər bir məhbusa günlük 2,8, Bolqarıstan isə 5,7 avro xərcləyir. Gürcüstanın məhbuslara xərclədiyi günlük xərc 12,6 avro, Ermənistanınkı isə 18,8 avrodur.