16 Aprel 2021
Mətni dəyiş
Aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 4 şikayət üzrə qərarları elan edəcək. Hüquqşünas Xalid Ağəliyev Turan-a bildirib ki, bu işlər üzrə ərizəçilər jurnalistlər: Əvəz Zeynallı, Elçin Həsənov, fəal Bəxtiyar Hacıyev və ömürlük həbs cəzası çəkən Hüseyn Əbdülvahabovdur.
Əvəz Zeynallı keçmiş deputat Gülər Əhmədovadan rüşvət almaq ittihamı ilə həbsindən və azadlıqdan məhrum edilməsindən şikayət edib.
Jurnalist ittihamları təkzib edib. O, Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ); 6-cı (ədalətli məhkəmə araşdırması hüququ); 8-ci (şəxsi həyata hörmət) və 10-cu maddəsi (ifadə azadlığı) üzrə hüquqlarının pozulmasının tanınmasını xahiş edir.
Jurnalist Elçin Həsənov dinc aksiya zamanı çəkiliş apararkən saxlanmasından və polis əməkdaşları tərəfindən döyülməsindən şikayət edib. Hesab edir ki, onun barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin və qeyri-insani rəftarın qadağan edilməsi) maddəsi pozulub.
Bəxtiyar Hacıyev öz şikayətində Gəncə polisində qanunsuz saxlanmasını göstərib. O həmçinin barəsində Avropa Konvensiyasının 3-cü maddəsinin pozulmasının tanınmasını xahiş edir.
Cinayətkar birliyin yaradılmasında, adam oğurluğu və qətllərdə təqsirli bilinən Əbdülvahabov ona qarşı cinayət təqibinin ədalətsiz olduğunu bildirib.