Amerika Rusiyaya yeni sanksiyalar tətbiq edib. Ağ Evdən verilən rəsmi açıqlamaya görə, Amerika Rusiyanı Amerikadakı seçkilərə müdaxilə etdiyinə görə cəzalandırır.
İlkin məlumatlara görə, ABŞ hökuməti ölkədəki prezident seçkilərinə müdaxilə etməsi ittihamı ilə 10 rus diplomatın deportasiya edilməsi ilə bağlı qərar verib. Eyni zamanda, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və ya Rusiyanın Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazları birbaşa almağı qadağan edir.
Amerika bununla yanaşı Rusiya hökumətinin rəsmi və qeyri-rəsmi nümayəndəsi olan, ümumilikdə 32 şəxsə sanksiya tətbiq edib.
Bundan əvvəl isə Bloomberg agentliyi məlumat yayaraq bildirib ki, Amerika Rusiyanın 20 təşkilatına da sanksiya tətbiq edəcək. Bloomberg agentliyinin xəbərində sanksiyaların tətbiq ediləcəyi şəxslər arasında vəzifəli şəxslər və kəşfiyyat nümayəndələrinin də olacağı vurğulanıb.
Rusiyanın 6 texnologiya şirkəti də sanksiyalara məruz qalıb.