Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Komitəsi hər il Ukraynaya 300 milyon dollar (510 milyon manat) dəyərində hərbi yardımla bağlı layihəni qəbul edib.
Demokrat senator Bob Menendez və Respublikaçı Jim Rischin dəstəklədiyi hərbi yardım paketi komitədə keçirilən səsvermədə yekdilliklə qəbul edilib. Senatda Ukraynaya veriləcək hərbi və diplomatik dəstəklə bağlı hesabat hazırlanması da nəzərdə tutulub.
Senatda çıxış edən senator Menendez səsvermədən əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kulebayla danışdığını və hazırda gərginliyin davam etdiyini bildirib.
Amerika 2014-cü ildən bu günə qədər Ukraynaya ümumilikdə 1,5 milyard dollar hərbi yardım edib. Keçən ay Pentaqon Ukraynaya bundan əlavə 125 milyon dollar yardım ediləcəyi ilə bağlı açıqlama vermişdi.
Hazırda Rusiya və Ukrayna arasında hərbi-diplomatik gərginlik yaşanır. 2014-cü ildə Ukraynanın Krım da daxil olmaqla bir hissəsinin Rusiya tərəfindən işğal edilməsindən sonra gərginlik ilk dəfədir ki, bu qədər artıb.