Amerikanın Xarici İşlər Nazirliyinin sözcüsü Ned Price prezidenti Joe Bidenin "erməni soyqırımı"nı tanıyacağı ilə bağlı iddialara cavab verib. O, bu barədə günlük mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ned Price deyib ki, bu barədə açıqlama Ağ Evdən olacaq, hələlik Ağ Evdən hansı açıqlamanın olacağı isə bilinmir.
XİN sözcüsü əlavə edib ki, Türkiyə uzun müddətdir ki, Amerika üçün çox dəyərli müttəfiqdir, Amerikanın NATO müttəfiqidir: "Türkiyə ilə ortaq marağlarımız olduğu kimi, anlaşılmazlıq olanda da dialoqa gedirik", - deyə Amerikanın Xarici İşlər Nazirliyinin sözcüsü Ned Price bildirib.
ABŞ prezidenti Co Bayden rəsmi şəkildə "ermənilərə qarşı kütləvi qırğının baş verdiyini" tanımağı planlaşdırır. Bu haqda o aprelin 21-də bir çox mətbuat orqanı, həmçinin "The Wall Street Journal" və "Reuters" agentlikləri məlumat yayıb.
Belə görünür ki, Amerika prezidenti aprelin 24-ü 1915-1922-ci illər "erməni soyqırımı"nın xatirə günündə soyqırımı tanıyacaq. Ağ Evdən "Reuters" agentliyinə danışan, ancaq adını açıqlamaq istəməyən dövlət məmuru deyib ki, "bildiyim qədəriylə o şənbə günü bu mövzuda çıxış edəcək və "soyqırım" sözünü işlədəcək".