Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmuş Səid Məmmədzadə barəsində 3,5 il həbs hökmü çıxarıb. Bu barədə partiyadan məlumat verilib. Məlumata görə, Səid Məmmədzadə məhkəmə zalında həbs edilib. Hökümdən əvvəl isə dövlət ittihamçısı fəala 4 il həbs istəyib.
Məmmədzadə barədə ötən il mayın 18-də Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə 3 aylıq həbs qətimkan tədbiri seçib.
O Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə günahlandırılır.
Daxili İşlər Nazirliynin mətbuat katibi Ehsan Zahidov bildirib ki, Səid Məmmədzadə maşınyuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.
Ötən il iyulun 20-də Xətai rayon Məhkəməsi Səid Məmmədzadə (Bakuvi) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə qərar qəbul edib.
Səid Məmmədzadənin həbsi Facebook səhifəsində hökuməti və yüksək vəzifəli rəsmi şəxsləri kəskin tənqidindən sonraya təsadüf edir.
O ittihamı qəbul etmir. və məhkəmədə kiməsə xəsarət yetirmədiyini bildirib.
AXCP sədri Əli Kərimli bildirib ki, ölkənin adlı-sanlı idmançısı, mötəbər yarışlarda Azərbaycan bayrağını dəfələrlə ucaltmış Səid Bakuvinin həbsi siyasi sifarişdir.