Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının üzvü Elvar Mirzəoğlu Cəmil Həsənlinin qızına aid olduğu deyilən intim videoların yayılmasından sonra "Feysbuk" hesabında YAP-dan istefa verdiyini açıqlayıb.
"Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət edirəm:
Mən, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının üzvüyəm, hüquq elmləri üzrə fəlsəfə doktoruyam, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət prosesi; ədalət mühakiməsi və prokuror nəzarəti” kafedrasının doktorantıyam. Elmi rəhbərim K.F.Kutsenko olmuşdur, on il SSRİ-nin ABŞ-da səfiri vəzifəsində işləmişdir, indi rəhmətə gedib. Hal-hazırda elmi rəhbərim Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin “Kriminalistika” kafedrasının müdiri, Gürcüstan Baş prokurorluğunun Tədris Mərkəzinin rəisi, Gürcüstan Baş prokurorunun müavini Papiaşvili Şota Georgiyeviçdir. Onlarla elmi məqalənin və insan haqları ilə bağlı elmi monoqrafiyanın müəllifiyəm. Gürcüstanın sabiq prezidenti M. Saakaşvili ilə dostluq münasibətlərim var.
Bütün bunları ona görə yazıram ki, məni düzgün, əqli cəhətdən kamil insan kimi anlayıb, yazdıqlarıma mahiyyəti üzrə qiymət verəsiniz".
O, bildirir ki, son vaxtlar Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan, Azərbaycan ictimaiyyətində kifayət qədər nüfuz qazanan insanların şəxsi həyatına ciddi müdaxilələr baş verməsini, onların özlərinin və ya yetkinlik yaşına çatmış ailə üzvlərinin qeyri-qanuni, gizli intim videolarının çəkilərək ictimaiyyətə təqdim olunduğu halda baş verənlərlə bağlı dövlət orqanları tərəfindən heç bir əməli təsir tədbirləri görülmür: "Bu, məndə ciddi narahatlıq yaradır, hətta bu kimi hərəkətlərin yayılmasında dövlət orqanlarının bu və ya digər formada iştirakını istisna etmirəm və bu kimi qanunazidd əməllər məndə əsaslı şübhələr yaradır.
Ölkədə başverən bu kimi qeyri-etik, cəmiyyəti sarsıdan qanunsuz əməllər mənə əsas verir ki, Sizin rəhbərlik etdiyiniz partiyadan istefa verim. Əxlaqsızlığın tüğyan etdiyi ölkədə xüsusilə, üzvü olduğum partiyanın bu kimi nanəcib əməllərə susqunluğu, ciddi reaksiya verməməsi məni olduqca çox narahat edir və hətta deyərdim ki, övladlarımdan, yaxınlarımdan çox narahatam. Çünki, görünür ölkədə şəxsi həyat sirri dövlət tərəfindən qorunmur əksinə, ictimailəşir".
"İndiyə qədər başverənlərin ən yaramaz, alçaq və namussuz forması, Milli Şuranın Sədri, dünya şöhrətli alim, Azərbaycanın mənəvi sərvəti, professor Cəmil Həsənlinin ailəsinə qarşı edilən tərbiyəsizlikdir", - YAP-çı alim belə deyir.
E.Mirzəliyev qeyd etdiklərinə istinad edərək üzvü olduğu partiyanın sıralarından ayrılmaq istədiyini bildirir: "Səmimi olaraq üzvü olduğum Yeni Azərbaycan Partiyasından istefa verirəm və Milli Şuranın sədri, professor Cəmil Həsənlidən xahiş edirəm ki, məni Milli Şuraya üzv qəbul etsin".