Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov həbs olunub. İstintaq müddəti dövründə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumata görə, Əkbərovun həbsinin səbəbi onun 20 il əvvəl törətdiyi cinayət əməlidir.
Baş Prokurorluğun məlumatına görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.
Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə zərərçəkən tərəfin hüquqi varislərinin vəkili olmuş Yalçın İmanov deyir ki, Rövşən Əkbərov Ukrayna dövlətinin qətl hadisəsi ilə bağlı açdığı cinayət işi çərçivəsində 5 yanvar 2002-ci ildə dindirilib. O, istintaqa bildirib ki, deyilənlər böhtandır, Elçin Əliyevi öldürməyib. 26 fevral 2003-cü ildə Ukraynanın Şefçenko Rayon Prokurorluğu Rövşən Əkbərovun Elçin Əliyevi qətlə yetirməsi ilə bağlı cinayət işi açıb. Qətli törətməkdə ittiham olunan Rövşən Əkbərov Azərbaycan vətəndaşı olduğu üçün cinayət işi açılandan bir gün sonra, yəni 27 fevral 2003-cü ildə baxılması üçün Azərbaycana göndərilib. Azərbaycanın Hərbi Prokurorluğu isə 8 aprel 2003-cü ildə faktla bağlı cinayət işi açıb. 2003-cü il 8 apreldən, yəni cinayət işi açılandan sonra Əkbərov heç vaxt dindirilməyib. İmanovun sözlərinə görə, ondan əvvəl zərərçəkmiş tərəfin hüquqi varislərinə vəkillik edən mərhum vəkil Elton Quliyev bu işi ölkədaxili bütün instansiyalarda mübahisələndirdikdən sonra baxılması üçün Avropa İnsan Haqları Məhkəməsinə göndərib. 31 iyul 2014-cü ildə Avropa Məhkəməsi “Əliyev və Əliyeva Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.
Məhkəmə Elçin Əliyevin yaşamaq hüququnun pozuntusunu tanıyıb. İmanov deyir ki, Avropa İnsan Haqları Məhkəməsi qərarda qeyd edib ki, cinayəti törətməkdə ittiham olunan Rövşən Əkbərov Azərbaycanın ordu sıralarında yüksək vəzifə tutduğu üçün heç vaxt bu iş üzrə istintaq çərçivəsində dindirilməyib.
“Sonradan mən işə qoşuldum. Əsas onun üzərinə getdik ki, Əkbərov təqsirləndirilən şəxs qismində olmasa belə, şahid qismində işə cəlb olunsun və dindirilsin. Ancaq bu olmadı. Bircə ona nail olduq ki, Nəsimi Rayon Məhkəməsi cinayət işinin icraatının dayandırılması ilə bağlı qərarı ləğv etdi”, – deyə zərərçəkmiş tərəfə vəkillik edən Yalçın İmanov bildirib.
56 yaşlı general-leytenant Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O, 2021-ci ilin fevral ayının əvvəllərində müdafiə nazirinin əmri ilə ehtiyata göndərilib.
R.Əkbərov Bakıdakı 42 saylı orta məktəbdə, daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1982-ci ildə Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur.
1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilib. Bir il sonra xidmət etdiyi ordunun tərkibində Əfqanıstana ezam olunub.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə qayıdan R.Əkbərov 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir.
Birinci Qarabağ müharibəsində iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı Xüsusi Təyinatlı Polis Dəstəsinin zərərsizləşdirilməsində iştirak edib.
Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub.
2002-ci ildən general-leytenantdır.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ailəlidir, dörd övladı var.