Taliban təşkilatı Əfqanıstandakı ABŞ əsgərlərinin 1 may tarixinə qədər geri çəkilməyəcəyi təqdirdə, ölkədəki xarici birliklərə qarşı düşmənçiliyin davam edəcəyini bildirib. Hərəkat bildirib ki, xarici düşmənlər qarşısında vətənimizi qorumağa məcburuq.
Taliban ABŞ-ın vaxtında geri çəkilməməsi kimi bir ssenarinin ABŞ-la Talibanın bir il əvvəl bağladığı razılaşmanın pozulması olacağını da bildirib.
Digər tərəfdən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə imzalanan müqavilədə Talibanın ölkədəki ABŞ əsgərlərinə hücum etməyəcəyi təqdirdə, ABŞ ordusunun 1 mayadək ölkədən tədricən çəkiləcəyi qeyd olunmuşdu.
Amerika prezidenti Co Bayden isə vəzifəyə başladıqdan sonra təşkil etdiyi ilk mətbuat konfransında bildirib ki, ABŞ qoşunlarını Əfqanıstandan 1 may tarixinə qədər geri çəkməsi çətin olacaq.
ABŞ lideri bu çətinliyi taktiki səbəblərlə izah edib. Bayden Əfqanıstanda qoşunları olan digər ölkələrlə və NATO üzvləri ilə məsləhətləşmələrin aparıldığını diqqətə çatdırıb.