İsrail yenidən Suriyanın paytaxtı Dəməşqi raket atəşinə tutub.
SANA nəşrinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 22:35-də işğal altındakı Qolan təpələri istiqamətindən Dəməşqin ətrafında bəzi nöqtələrə raket hücumu həyata keçirilib.
Hücumun yalnız maddi zərərlərə səbəb olduğu bildirilən açıqlamada qeyd olunub ki, Suriyanın Hava Hücumundan Müdafiə sistemləri İsrailin bir çox raketlərini zərərsizləşdirib. İsrail isə məlumatlarla bağlı açıqlama verməyib.
Martın 1-də Bəşər Əsəd rejimi İsrailin Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil etdiyini irəli sürüb.
Əsəd rejiminin xəbər agentliyi "SANA" hərbi qaynağa əsaslandırdığı xəbərində İsrailin yerli vaxtla saat 22:16-da işğalı altındakı Qolan təpələri istiqamətindən Dəməşq şəhər mərkəzinin ətrafındakı rejimə məxsus bir sıra nöqtələrə hava zərbələri endirdiyini iddia edib.
Əsəd rejimi İsrailin 15 fevralda Dəməşqə, 4 fevralda ölkənin cənubundakı Kuneytra vilayətinə, 13 yanvarda Suriyanın şərqindəki Deyr əz-Zora, 7 yanvarda Dəməşqin cənubuna, 30 dekabr 2020-ci ildə Dəməşqin qərb ərazilərindəki Nebi Habil bölgəsinə hava zərbələri endirdiyini irəli sürmüşdü.