Qlobal media gözətçisi – Sərhədsiz Reportyorlar Camal Qaşıqçının qətlinin sifarişçisi olmaqda günahlandırılan Səudiyyə vəliəhdi Məhəmməd İbn-Salmana qarşı cinayət işinin açılması üçün Almaniya məhkəməsinə müraciət edib.
500 səhifəlik müraciətdə vəliəhd Məhəmməd İbn-Salmanla yanaşı Səudiyyə Ərəbistanının bir sıra yüksək vəzifəlilərinin də mühakimə olunması istənilib. Sənəddə Qaşıqçının 2018-ci ildə Səudiyyənin İstanbul konsulluğunda qətlə yetirilməsindən başqa, 30-dan çox jurnalistin qanunsuz saxlandığı da iddia edilir.
Almaniya Prokurorluğu hazırda müraciətlə bağlı ilkin araşdırmaların aparıldığını bildirib. Təşkilat müraciət üçün niyə Almaniyanı seçməsini belə əsaslandırıb: "Almaniya qanunları prokurorlara insanlığa qarşı cinayətlərdə qlobal yurisdiksiyadan çıxış etmək səlahiyyəti tanıyır". "Öldürülməsi barədə təlimatı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn-Salman verib" Bundan əvvəl isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda baş verən Camal Qaşıqçı cinayəti ilə bağlı hesabat yayıb.
Hesabatda Qaşıqçının tutulması və öldürülməsi barədə təlimatı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn-Salmanın verdiyi bildirilib: "ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin araşdırmalarına görə Camal Qaşıqçının tutulmasının və öldürülməsinin təlimatını Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn-Salman verib. Cinayətdə vəliəhdi müşaviri və təhlükəsizlik xidmətinin əməkdaşları da iştirak edib. Araşdırmanın gəldiyi ümumi nəticələrə görə, Məhəmməd bin Salman Səudiyyə Ərəbistanınındakı qərar mexaniziminə rəhbərlik edir", - deyə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunub.
Hesabat 2018-ci ildə hazırlansa da, Tramp hakimiyyəti detalları ictimayət üçün açmayıb.
Səudiyyə Ərəbistanı isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatını qətiyyətlə rədd edib və bildirib ki, hesabat təhqir və böhtandan ibarətdir: "Bo qorxunc cinayəti pisləməyimizə, növbəti belə cinayətlərin qarşısını almaq üçün çalışmağımıza baxmayaraq həqiqəti əks etdirməyən belə hesabatları qətiyyətlə rədd edirik", - deyə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən bildirilib.