Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə 2018-2020-ci illərdə bu vəzifədə çalışmış Artak Davtyanı təklif edib.
Baş nazir Nikol Paşinyanın mətbuxat xidmətinin yaydığı məlumata görə, artıq bu barədə vəsatət prezident Armen Sarkisyana təqdim olunub.
Bununla yanaşı, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan vəzifədən azad edilməsinə dair qərarı qanunsuz hesab edib. Ordu rəhbərliyi öncəki bəyanatlarını yenidən təkrarlayıb, hökuməti istefaya çağırıblar.
Ermənistanda daxili siyasi böhran fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra daha da pisləşib. N. Paşinyan bunu çevriliş cəhdi kimi qiymətləndirib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb.