"Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətləri qurulub".
Bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.
Ədalət Vəliyev deyir ki, o, bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulduğunu, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin önə çəkildiyini, hörmət əsaslı siyasi rəqabət və qarşılıqlı dinləmə üzərində yeni siyasi mədəniyyət formalaşdığını, təkcə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşma və sivil rəqabət mühiti, sağlam əməkdaşlığın meydana gəldiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışıqların və müzakirələrin baş tutması, əməkdaşlığın qurulması üçün üçüncü tərəfin – hansısa xarici dairələrin vasitəçilik etməsinə ehtiyac yoxdur.
"Siyasi dialoqdan boyun qaçıran bəzi siyasi qüvvələrin siyasi mübarizə adı altında əslində hansı dairələrin çirkin maraqlarına xidmət etməsinin özünü daha aydın şəkildə büruzə verdiyini, ölkədə uzun illərdən sonra ilk dəfə olaraq siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik yarandığını hər kəs bilir".