Bu gün Azərbaycan Ordusunun 10 min nəfərlik şəxsi heyətlə təlimləri başa çatacaq.
Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlər keçirib.
Martın 15-də başlayan və Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edib.