Fevralın 4-də Azərbaycanda feminist aktivistlər Hökumət Evinin qarşısında aksiya keçiriblər. Onlar “Qadın qətlləri siyasidir” plakatları açaraq, məişət zorakılığı və qadın qətllərinə diqqət çəkməyə çalışıblar. Bu aksiyadan sonra qadın qətllərinin siyasi adlandırılmasına qarşı fikirlər ortaya çıxdı. Böyük əksəriyyət bu qətllərin siyasi olmadığını hətta adi bir məişət hadisəsi olduğunu dedi. Ötən həftələrdə həm də Azərbaycanda qadınların intihar həddinə çatdırılması, intihar etməsi mövzusu da aktual idi. Yenə qadın qətllərinin siyasi olması haqqında fikirlər gündəmə gəldi.
Yenə cəmiyyət tərəfindən intiharların səbəbi kimi intihar edənin özünün günahkar olduğu nəticəsi çıxarıldı. Hakimiyyətin əlində olan media qurumları, televiziyalar da bu fikri təbliğ etdilər. Yazıda əsaslandırmaq istədiyim fikir qadın qətllərinin siyasi olmasıdır. Burada Azərbaycandan qeyd etdiyim misallarla qadın qətllərinin nəyə görə siyasi olduğunu izah etmək istəmişəm.
***
Nəyə görə qadın qətlləri siyasidir və Azərbaycanda bunun səbəbləri
2019-cu il feministlərin "8 Marş" aksiyasından sonra "8 Mart" Azərbaycanda başqa məna daşımağa başladı. Bu aksiya cəmiyyət üçün yeni bir anlayış oldu. Mühafizəkar cəmiyyət aksiyanı qəbul etmədi. Eyni zamanda hakimiyyət üçün də gözlənilməz bir yenilik oldu. Ondan sonra, məsələn, feminist aktivistlərə qarşı müxtəlif formalarda təzyiq edilməyə başladı. Bu il də "8 Mart" öncəsi artıq belə təzyiqlərə əl atılıb.
Giriş üçün bu mövzuya toxunsam da, mövzu "8 Mart" deyil.
Qadınların qətlə yetirilməsi, döyülməsi, fiziki və mənəvi təzyiqlər altında həyatlarının məhv edilməsi ölkə gündəmində müzakirə olunur. Müzakirədə konkret iki tərəf var: ikisi də xalqdır. Mühafizəkar, patriarxal cəmiyyət, cinsiyyətçi insanlar birmənalı olaraq qadın düşməni olduqlarını deyirlər. Qadınlara iki seçim tanıyırlar: ya kölə olacaqsan, ya da öləcəksən. Digər tərəf isə məlumdur, bunlara qarşı çıxır. Bəs, dövlət haradadır? Dövlətin bütün bunlara münasibəti necədir? Bəllidir ki, hər şey bütövlüklə hakimiyyətin əlindədir. Ən əsas da məhkəmələr hazırki bərbad idarəçiliklə eyni yolu gedir.
Hələ də sosial şəbəkələrdə və ya telekanallarda belə sual qoyulur: “Qadını döymək olarmı?” Uzun və lazımsız müzakirələr olur, axırda nəticə olaraq yenə qadınlara qarşı zorakılıq mövqeyi ortaya çıxır.
Bu mövzular ölkənin hər yerində qadınların əleyhinə nəticələnir.
Söhbət Azərbaycandan gedir. Həmin ölkə ki, yaşamaq sözün həqiqi mənasında başqa məna daşıyır. Mən sadəlövhlük edib rahat, problemsiz həyat şərtləri ilə müqayisə aparmayacağam. Heç buna gərək də yoxdur. Biz Azərbaycanda konkret olaraq yaşamaq və öldürülmək haqqında müzakirələrdə iştirak edirik. Ölkədə az qala hər gün qadınlar qətlə yetirilir və bunu müzakirə edirik. Əlbəttə, belə baxanda bu müzakirə əksəriyyət üçün normal görünür. Ən ciddi problem müzakirələrin gündəliyidir və yaxud da müzakirələrin və ölümlərin adiləşməsidir.
Cəmiyyətin böyük bir qisminə müzakirədə nəyin cinayət və yaxud da cinayətin nə olduğunu izah etmək məcburiyyəti kimi bir problem var. Ən sadə, normal davranış qaydaları, qanunlar, ədalət, insan hüquqları haqqında danışılır. Nəhayət, bütün bunların işləmə mexanizmi və Azərbaycanda necə darmadağın halda olması haqqında...
Adətən müzakirə iki istiqamətdə gedir: qadın qətlləri siyasidir deyənlər və buna qarşı çıxanlar, bir də ümumiyyətlə qadınların öldürülməsinə haqq qazandıranlar var.
Qadın qətlləri siyasidir, çünki qadınların öldürülmədən əvvəl yaşadıqları həyat birbaşa dövlətin necə və hansı şərtlərlə idarə olunmasına bağlıdır.
Əvvəla, ölkədə medianın vəziyyətinə nəzər yetirsək ildən-ilə demək olar ki, yoxa çıxan "azad media" anlayışı artıq ciddi problemdir. Barmaqla sayılacaq qədər azad media qurumu qalıb. Bəs geridə qalan qəzet, televiziya, onlayn xəbər saytları və s. kimin əlindədir? Əlbəttə dövləti idarə edən hakimiyyətin. O ölkədə hakimiyyət haqqında niyə danışmaq olmaz? Çünki siyasətə qarışmaq sözün bütün mənalarında qadağan olunub. Hakimiyyətin əlində olan medianın dili isə istisnasız patriarxal quruluşun, bir sözlə, kişi ağalığının dilidir.
Burada vacib qeyd etmək lazımdır ki, həmin media qurumlarının dili eyni zamanda LGBTİQ+ qarşı nifrət nitqləri ilə doludur və nə ictimai, nə də dövlətin öhdəliyində olan qurumlar bununla bağlı bir iş görür. Ümumiyytlə, bu mövzuya toxunan o qədər azdır ki, gözə görünmür. Yəni sadəcə aktivistlər bu problem haqqında danışır və ya qarşı çıxır.
Bəs ölkənin məktəbləri, universitetləri və digər bütün təhsil-peşə qurumları necə idarə olunur? Məncə, cavab artıq aydındır. Azərbaycanda bu qurumların hansında patriarxal sistemin izi ya da hökmranlığı yoxdur? Əksinə, bütün bunların hər birində istisnasız qadınlara qarşı bir sistem formalaşıb. Yenə də nifrət nitqi, cinsiyyətçi yanaşmalar və yaşayış tərzi davam edir.
***
Bizim müzakirələr hələ də "qadın niyə azad olmalıdır" mərhələsindən başlayır. Çünki, ölkədə bu mövzunu günü-gündən daha da dağıdıcı hala salıblar.
Feminizmə və xüsusən Azərbaycanda yaşayan feministlərə qarşı nifrət yaradılır. LGBTİQ+ ölkədə ancaq nifrət dili ilə xatırladılır.
Bunu gözardı etməyə çalışsalar da, LGBTİQ+ qarşı olan nifrət nitqi dayandırılmalıdır. İnsanların azad yaşamaq hüququ təmin edilməlidir. Onlara həm dövlət orqanlarında, həm də cəmiyyətdə olan fiziki, mənəvi zorakılıq dayandırılmalıdır.
Məqsəd yazıda dövlətin və onu idarə edən hakimiyyətin təhsil, səhiyyə, məhkəməni necə rəzil hala salması haqqında uzun-uzun danışmaq deyil.
Bu misallarla demək istədiyim odur ki, qadınların qətlə yetirilməsi siyasidir. Bu yalnız Azərbaycana aid deyil. Başqa yerlərdə də bu cinayətlər siyasidir.
Azərbaycan eyni zamanda mühafizəkar bir cəmiyyətin mövcud olduğu ölkədir. Demokratiyanın, söz azadlığının, insan hüquqlarının işlək olmadığı ölkədir.
Hələ də zorakı nigahların olması, yetkinlik yaşına çatmayan qızların zorla nigaha məcbur edilməsi, bakirəlik cinayətləri qalmaqdadır.
Hələ də homoseksuallar ailələri tərəfindən fiziki şiddət yolu ilə özlərindən imtina edilməyə məcbur edilirlər. Onlara xəstə olduqlarını, müalicəyə məcbur olduqlarını deyirlər, ya da bunu zorla qəbul etdirirlər. Onları zorla evliliyə aparırlar və bu yolla dəyişəcəklərinə inanırlar.
Ölkə müxalifəti də bu toplumla ayaqlaşmağa məcbur olduğunu düşünüb, aşağı-yuxarı hakimiyyətlə eyni mövqedən çıxış edir.
Hakimiyyət özünü qorumaq üçün xalqı keçmiş adət-ənənələri saxlamaq ya da dəyərləndirmək adı altında cinayət törətməyə gətirib çıxaracaq qədər bu mövzularla manipulyasiya etməməlidir. Bunun nətiələrinin fərqində olmalıdır.
Beləliklə, məişətdə hər gün zorlaklıqla qarşılaşan bir insan öldürülməmişdən (intiharlar da daxildir) əvvəl yaşadıqlarına qarşı etiraz haqqında düşünə bilirmi?
Düşünə bilmir, çünki buna mühafizəkar, mövhumatçı toplum imkan vermir. Onların adət və ənənələri imkan vermir.
Düşünə bilmir, çünki bu düşüncəni formalaşdıracaq məktəb, universitet və s. yoxdur. Bu düşüncəni formalaşdıracaq və ya özündə güc tapıb bu fikrə düşməsinə dəstək olacaq bir ədalət sistemi görmür. Kömək istəyəcəyi bir dövlət orqanı yoxdur.
Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanun var.
Bu qanunda zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmini, zorakılığa səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilməli tədbirlər nəzərdə tutulur.
Amma zorakılığa məruz qalan qadınlar yenə də çarəsiz qalırlar və bəzən çıxış yolu sadəcə intihar olur.
Mediadan bir cür, dövlət qurumlarından bir cür, cəmiyyətdən bir cür zərbə alır.
Xüsusən televiziyalarda, məktəb və universitetlərdə "ailə-məişət" haqqında illərlə insanların beyninə yerildilmiş mövzular köklü dəyişməlidir. Bütün bu mövzular nəticə olaraq yeni bir cinayətə yol açır.
Seçim qalır susmağa, ömrü boyu bu cür yaşamağa, ya da intihar etməyə. İntihar hadisəsinə münasibətdə eyni toplum yenə də qadını günahkar çıxarır. Eyni dövlət yenə də hadisənin arxasında kimin, nəyin günahkar olmasını axtarmaq əvəzinə, hadisəni siyasi və ya dövlətin bir problemi kimi yox, məişətdə, ailədə baş verən sıradan bir hal kimi qiymətləndirib onun üzərindən hökm oxumağa başlayır. Problemi sadəcə mental olaraq qiymətləndirirlər. Haradan qaynaqlandığını və hansı səbəblərin bu cinayətləri çox etdiyini araşdırmırlar, çünki araşdıranda məsələ siyasi ad alır.
Bu azmış kimi feministlərə, aktivistlərə qarşı müxtəlif növ təzyiqlər edirlər.
Minlərlə insanın real olaraq bu vəziyyətdə olduğunu düşünüb, bu yazıda xəyali bir qəhrəman yaradaq:
Ailə üzvləri tərəfindən qadın olduğuna görə hər zaman zorakılıqla üzləşən, daimi nəzarətdə saxlanılan, bütün fiziki və mənəvi azadlıqlarından məhrum edilən, öz haqlarını, istəklərini dilə gətirəndə belə fiziki zorakılıq görən, sonra da təkrar mənəvi təzyiqlərə, təhdidlərə məruz qalan bir insan bütün bunlardan necə xilas ola bilər?
Bu hadisələr təkcə ailədə baş vermir. Bunlara bəzən küçədə, bazarda, universitetdə, hansısa idarədə də şahid olmaq mümkündür. İstər gizli qapı arxasında, istər aşkarda. Faktiki olaraq belə hərəkətlər qadınlara qarşı var və hələ də davam edir.
Əgər bütün bunlar sadəcə məişət problemi kimi qələmə verilirsə, mühafizəkar bir cəmiyyətdə yuxarıda qeyd edilən hadisələrin intihara çevrilməməsi və ya onları yaşayan insanın öldürülməməsi üçün nə edilməlidir? Maarifləndirmə? O da hər zaman kinlə qarşılanır toplum tərəfindən. Heç bir çarə qalmır? Çünki o məişəti təşkil edən insanlar həmin hadisələrin birbaşa qəhramanlarıdır, həmin qəhramanlar isə təkcə cəmiyyətin yox, həm də dövlətin yetişdirdiyi insanlardır.
Bir daha qeyd etmək lazımdır ki, Azərbaycan qanunlarına görə yuxarıda yazılan hər bir hərəkət cinayətdir və törədənlər qanunla cəza almalıdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda demək olar ki, heç bir qanun işləmir.
Bütün bunların qarşısını almaq üçün ilkin olaraq Azərbaycanda qanunların işləməsi vacibdir əlbəttə, ikinci vacib bir məsələ qanunda olan boşluqların düzəldilməsidir.
Nəzərə almaq lazımdır ki, qadınların qarşılaşdığı problemlər, onların qətl olunması, intihar həddinə gətirilmələri təkcə ictimailəşənlərlə bitmir. Yəni, başqa hadisələr gizli qalır. Əslində, göründüyündən daha faciəvidir, yəni, daha çoxdur.
Qadın cinayyətləri siyasidir yoxsa sadəcə məişət problemidir? Qadın cinayətləri siyasidir. Yuxarıda qeyd olunan vəziyyəti yaradanlar üçün və ya kişi hökmranlığını qoruyub saxlamaq istəyənlər üçün qadın cinayyətləri sıradan bir məişət hadisəsi kimi qələmə verilə bilər, amma reallıq dəyişmir: qadın cinayyətləri siyasidir.
Tural Şahtaxtinski