Azərbaycan prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əvvəlcə Ann Linde ilə İlham Əliyevin təkbətək görüşü olub, sonra isə görüş geniş formatda davam edib. Görüşdə İlham Əliyev Ermənistanla dondurulmuş nəqliyyat və kommunikasiya vasitələrinin açılması ilə bağlı artıq danışıqlar prossesinə başlanıldığını bildirib.
"Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik" - deyə İlham Əliyev ATƏT nümayəndə heyəti ilə görüşdə bildirib.