5 Mart 2021
Mətni dəyiş
ABŞ-da yerləşən insan hüquqları təşkilatı «Freedom House» martın 3-də açıqladığı hesabatda Azərbaycanı «qeyri-azad» ölkələrin sırasına daxil edib.
Təşkilatın qənaətincə, Azərbaycanda siyasi və vətəndaş azadlıqları təmin edilmir.
«Freedom House» həmçinin ötən il sentyabrın 27-də başlayan 44 günlük müharibənin demokratiyaya təsir göstərdiyini, Azərbaycanda «avtoritar prezident İlham Əliyevin idarəçiliyini möhkəmləndirdiyini» qeyd edir.
Həqiqətənmi Azərbaycanda siyasi və vətəndaş hüquqları pozulur?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Turan-a bildirib ki, «Freedom House» ənənəvi olaraq Azərbaycana qarşı hər zaman qeyri-obyektiv rəyləri ilə fərqlənib: «Bu gün də o öz ənənələrinə sadiq qalır. Təəssüf edirəm ki, Azərbaycana qarşı qərəzli münasibət bu təşkilatın ana xəttini təşkil edir».
Deputat qeyd edib ki, ölkədə siyasi və vətəndaş azadlıqlarına heç bir məhdudiyyət yoxdur: «Azərbaycanda insan haqları, siyasi azadlıqlarla bağlı hansı məhdudiyyətlər var? Azərbaycanda siyasi fəaliyyətinə görə kimdir həbsə salınan, haqqında cinayət işi qaldırılan, fəaliyyəti məhdudlaşdırılan? Hətta ən radikal mövqedə dayanan, çıxışlarında, fikirlərində kifayət qədər obyektiv olmayan siyasətçilər belə ən müxtəlif platformalarda fəaliyyətlərini davam etdirirlər. Həqiqətin naminə bunu etiraf etmək lazımdır».
F.Ağamalının fikrincə, «Freedom House» təşkilatının mövqeyinə erməni lobbisinin təsiri çox güclüdür və bu səbəbdən təşkilat Azərbaycana qarşı qərəzli mövqedə dayanıb: «Ola bilsin ki, təşkilatın idarəçiliyində ermənilər çoxdur, ola bilsin ki, təşkilat erməni fondları, lobbisi tərəfindən geninə-boluna maliyyələşirlər deyə belə qərəzli mövqe tutur. Ermənistanda siyasi opponentlər barəsində cinayət işi açılıb, bir jurnalist və bir siyasətçi həbsxanada aclıq edərək dünyasını dəyişib. Amma bununla bağlı bir kəlmə belə deyilmir. Fransanın özündə jurnalistlərə qarşı fiziki təzyiqlər olur, amma bu haqda da heç nə deyilmir. Azərbaycan və Türkiyə bu gün bu cür təşkilatların hədəfindədir, çünki onlar bu iki ölkənin əldə olunmuş uğurlarına qısqanclıqla yanaşırlar».
Komitə üzvü hesab edir ki, Ermənistanı müdafiə edən təşkilatlar Azərbaycan Ordusunun 44 günlük tarixi qələbəsindən sonra daha aqressiv görünməyə başlayıblar: «Gəncəyə, Bərdəyə bombalar atıldı, mülki insanlar öldürüldü. Nə qədər KİV-lər vasitəsilə hətta cənab prezident səviyyəsində bu təşkilatlara iradlar bildirildi ki, hadisələrə obyektiv qiymət verilmir. Bəs hanı ədalət? Bu təşkilatların mayası doğru yoğrulmayıb».
Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı “Azadlıq” radiosuna bildirib ki, uzun illərdir ki, Azərbaycan insan və siyasi hüquqları ilə bağlı hesabatlarda «qabaqcıl» yerlərdən birini tutmaqda davam edir. Həmin hesabatlarda problemlər adətən iki istiqamət üzrə göstərilir - həm qanunvericiliyin vəziyyətinə, həm praktik fəaliyyətinə görə.
Ekspert qeyd edib ki, Azərbaycanda qanunvericiliyin vəziyyəti ilə bağlı uzun illərdir problemlər mövcuddur: «Qanunvericilikdə həm siyasi fəaliyyət, həm insan hüquqları sahəsində ciddi məhdudlaşdırıcı amillər var. İstər sərbəst toplaşmaq azadlığı, istərsə də birləşmə azadlığı ilə bağlı məsələlər təmin edilmir. O cümlədən praktiki fəaliyyətlə bağlı məhdudlaşdırıcı amillər qalmaqdadır».
B.Süleymanlı hesab edir ki, ötənilki parlament seçkilərindən sonra hökumət çalışır ki, mühitin dəyişməsi ilə bağlı hansısa addımlar atılsın: «Amma görülən tədbirlər yetərli deyil. Parlamentin buraxılıb yenidən formalaşdırılmasından sonra biz orada çoxpartiyalı sistemi, müxalifətin və bitərəflərin çoxluğunu yenə görmədik, seçkilər saxtalaşdırıldı və hakimiyyətin nəzarəti altında bir parlament formalaşdırıldı. O cümlədən, kurs götürüldü ki, siyasi partiyaları və vətəndaş cəmiyyəti ilə dialoq mühiti yaradılır. Amma bunun da hələ ki effektivliyi yoxdur».
Hüquq müdafiəçisi qeyd edib ki, 2014-cü ildə vətəndaş cəmiyyətinə basqılardan sonra bu sahədə də vəziyyət dəyişməyib: “Cinayət işləri açıldı, qanunvericilik dəyişdi. İndiyə qədər bu məhdudiyyətlərlə bağlı heç bir mütərəqqi addımlar atılmayıb. Nə qanunvericilik dəyişir, nə də açılan cinayət işlərə bəraətverici əsaslarla xitam verilməyib».
Ekspert vurğulayıb ki, fundamental azadlıqlarla bağlı problemlər qalmaqdadır: «Bir misal çəkim. Bu günlərdə Feminist Hərəkatının üzvləri sərbəst toplaşmaq azadlığı ilə bağlı müraciət ediblər, yürüş keçirmək istəyiblər, amma Bakı Şəhər İcra Hakimiyyəti onlara qadağa qoyub. Bu hallar göstərir ki, yenə də fundamental hüquqlarla bağlı problemlər qalmaqdadır. Siyasi məhbuslar problemi həll olunmayıb».
B.Süleymanlı əlavə edib ki, postmüharibə dövründə vəziyyətin daha da avtoritarlaşmış görünməsinin səbəbi ölkə qanunvericiliyinin və praktiki fəaliyyətin müasir çağırışlara cavab verməməsidir. «Hakimiyyət başa düşür ki, müasir dünyada tam qapanmış vəziyyətdə idarə etmək mümkün deyil, ona görə də müəyyən addımlar atır, digər tərəfdən də hər şeyi öz nəzarətində saxlamaq istəyir. Bu düşüncə tərzi onları geriyə salır və atılan addımlar heç bir effekt verməyəcək».