Azərbaycan Xarici İşlər Nazirliyi Los Anceles Ali Məhkəməsi tərəfindən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə münasibət bildirib.
Nazirliyin tvitter səhifəsində edilən paylaşımda deyilir:
“Diplomatın qətlinə görə mühakimə olunan tanınmış və islah edilməmiş terrorçu H.Sassunyanın sərbəst buraxılması çox səhv siqnal verəcək və şübhəsiz ki, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından birinə sahib dövlətdə diplomatiyanın mənafelərinə zərər verəcək”.
Türkiyə Respublikasının ABŞ-ın Los Angeles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.
Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.