Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, Amerika-Rusiya münasibətləri Donald Tramp dönəmindən fərqli olacaq.
Rusiyanın Amerikadakı səfirini geri çağırması məsələsinə reaksiya bildirən Psaki səfirin geri çağrıldığından xəbərdar olduqlarını deyib və əminliklə bildirib ki, Rusiya etdiklərinin cavabını verəcək.
"Bizi bölməyə çalışan Rusiya kimi düşmənlərimizə qarşı strategiyamız onların taktikalarını açıb hər kəsə demək olacaq", - deyə Ağ Evin sözçüsü Cen Psaki əlavə edib.
Ancaq Ağ Ev sözçüsü Rusiya ilə ortaq fəaliyyət göstərə biləcəkləri sahələrin də olduğunu bildirib: "Ancaq birlikdə çalışacağımız sahələrin olduğunu da düşünürük. "Yeni Başlanğıc" sazişi buna bir nümunədir", - deyə o, vurğulayıb.
Bundan əvvəl isə Amerika prezidenti Co Bayden ABC kanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin "qatil" olduğunu demişdi.