Yanvarın 25-dən etibarən ABŞ-ın müxtəlif növ hərbi hücum gəmiləri Qara dənizə daxil olub. NATO-un əsas güc dövlətinin Qara dənizə daxil olması Rusiyanı ciddi şəkildə narahat edib. Həm Kreml, həm də Xarici İşlər Nazirliyi səviyyəsində NATO-nun Qara dəniz missiyasına reaksiyalar verilib. Ancaq yetərli olmadığından Rusiya döyüş qırıcıları ilə gəmilərə yaxın və təhlükəli alçaqlıqda manevirlər edib. Buna cavab olaraq isə NATO Qara dənizin Norveç sahillərində raket qurğuları yerləşdirib. Qara dəniz ətrafında baş verənlər göstərir ki, bölgədə gərginlik hələ bir müddət davam edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin "ABŞ Qara dənizdə düşmən axtarır" açıqlamasına cavab olaraq NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO Rusiyanın yeni təcavüzlərinin qarşısını almaq üçün Qara dənizdə varlığını artıracaq.
Açıqlama aydın və dəqiqdir. Bayden hakimiyyətinin işinə başlamasından sonra həm demokratiya və insan hüquqları sahəsində, həm də hərbi sahədə vəziyyətin gərginləşməsi göstərir ki, bu xəmir hələ çox su aparacaq. Ancaq vəziyyətin bu yerə gəlməsinin qığılcımları isə Bayden hakimiyyətindən əvvəl, Tramp hakimiyyətinin sonlarına yaxın yaranıb.
Ukraynada yeni işğal planları və güclənən Rusiya donanması
2020-ci ilin sonlarında ABŞ Hərbi Dəniz Donanması ABŞ Senatına Amerikanın rəqib hesab etdiyi dövlətlərin dənizlərdəki təsir imkanları ilə bağlı hesabat təqdim edib. Hesabata görə, Rusiya donanması dənizlərdəki təsir imkanlarını artırır. Amerikanın dəniz qüvvələri narahatlıqlarını ifadə etdikləri hesabatda qeyd ediblər ki, Amerika Rusiyaya qarşı hərəkətə keçməlidir. Hesabatın Tramp hakimiyyəti dövrünə təsadüf etməsi isə həqiqəti dəyişmirdi və görünür Bayden adminstrasiyası təqdim olunan hesabatı yetərincə ciddi qəbul edib.
Bununla bərabər, bu ilin yanvar ayında Ukrayna Xarici Kəşfiyyat Xidməti Rusiya ordusunun ölkəni "işğal edəcəyini" proqnozlaşdıran bəyanatla çıxış edib. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin saytında yayımlanan hesabatda, Rusiya ordusunun Krımdakı su problemini həll etmək üçün ölkənin Xerson bölgəsini "işğal edəcəyi" iddia edilib.
Güman etmək olar ki, NATO-nun Qara dənizə girməsi bu iki səbəbdən sonra həyati önəm daşıyıb.
Yarımçıq qalan Xerson və Mariupol işğalı
Krım yarmadasının 85 faizinin şirin su ehtiyacı Kırımın ilhaqına qədər Ukraynanın digər bölgələrindən tədarük edilib. Ancaq Ukraynanın bu təminatı birtərəfli dayandırması sözün həqiqi mənasında Kırımı qurudub. Rusiya Şimali Kırım Kanalının bəndlərini nəzarətə götürməklə su təminatını qismən həll edə bilər. Ancaq Rusiyanın Ukrayna ərazisindəki planları təkcə buna görə də çəkici deyil.
Rusiya Mariupolu işğal etməklə birinci müharibədə yarımçıq qalan işini tamamlamaq istəyir. Mariupolun işğalı isə həm Donbas bölgəsini Kırımla birləşdirəcək və yeni nəfəslik olacaq, həm də Qara dəniz üçün yeni qapı olacaq.
Rusiyanın bu ideyalarının isə reallaşacağı artıq ciddi sual altındadır. ABŞ-Türkiyə, ABŞ-Ukrayna, Türkiyə Ukrayna müttəfiqliyi, eyni zamanda Qara Dəniz ölkələrinin Rusiyaya münasibəti Rusiyanın Qara dənizdə heç nəyə nail ola bilməyəcəyini deməyə əsas verir.
Müəllif: Abzas.net