Şahin Cəfərli: "Gürcüstan bu dörd il ərzində NATO-ya üzv ola bilər"

Şahin Cəfərli: "Gürcüstan bu dörd il ərzində NATO-ya üzv ola bilər"
13 Fevral 2021
Mətni dəyiş

ABŞ-ın istəyi ilə Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaqın yaradılması planlaşdırılır. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hər üç ölkə arasında bununla bağlı məsləhətləşmələrə artıq başlanıldığını bildirib. İlkin məlumatlara görə, üçtərəfli hərbi birlik formatını ABŞ-ın dövlət katibi Toni Blinken təklif edib. 

Hər üç ölkə ərazisində Rusiya ordusu var. Rusiya ordusu müxtəlif vaxtlarda fərqli statuslarla bu ölkələrə daxil olub, nəticədə zamanla oralarda möhkəmlənib. Bəs görəsən, illərdir Rusiyanın hərbi təhdidi altında yaşayan bu üç ölkənin birliyi hansı nəticələri verə bilər? 2020-ci ildən etibarən Azərbaycan ərazisində də Rusiya qoşunlarının olduğunu nəzərə alsaq, Azərbaycanın da bu formatda təmsil olunması nə qədər realdır?

Məsələ ilə bağlı politoloq Şahin Cəfərli ilə danışdıq.

Politoloq deyir ki, postsovet məkanında Avrointeqrasiya yolunu tutmuş Gürcüstanın, Ukraynanın, Moldovanın bu istiqamətdə ortaq maraqları var. Hər üç dövlət Rusiyanın təsir dairəsindən uzaqlaşmaq, Qərbə və Qərb dairələrinə yaxınlaşmaq məqsədi güdür.

Onun sözlərinə görə, Moldovada daxili problemlərdən qaynaqlanan məsələlərə görə bu istiqamətdə ləngimələr yaşanır.

"Moldovada daxili siyasətdən qaynaqlanan problemlər olurdu, bilirsiniz ki, Moldovanın keçmiş prezidenti İqor Dodon birbaşa Rusiyanın adamı idi və onun dövründə Moldovanın Avrointeqrasiyası ciddi şəkildə zəiflədi, hətta təxirə salındı. Ancaq son seçkilərdə qalib gəlib Moldovanın yeni prezidenti olan Mariya Sandu qərbyönümlü siyasətçidir, ona görə də son dövrlər Moldovanın Qərbə inteqrasiya yolunda atdığı addımlar daha intensivləşib. Ümumilikdə bu istiqamətdə Moldovanın maraqları Gürcüstan və Ukrayna ilə üst-üstə düşür. Amerikada yeni hakimiyyət dəyişikliyi olub və Bayden hökuməti possovet məkanında da Amerikanın siyasətinin aktivləşəcəyini bildirib. Aydındır ki, əgər yeni Amerika hökuməti Rusiyanı sıxışdırmağa çalışacaqsa, ilk növbədə bu regionda müttəfiqlərə ehtiyac duyacaq", - deyə politoloq bildirib.

Şahin Cəfərli deyir ki, o güman edir ki, Bayden hakimiyyəti dövründə, yəni qarşıdakı ən azı dörd il ərzində bu üç ölkənin Avrointeqrasiyası güclənəcək və hətta Gürcüstanın NATO-ya üzvlük məsələsi də həll oluna bilər.

Politoloqun fikrincə, bu üç dövlətlə müqayisədə Azərbaycanın vəziyyəti biraz fərqlidir.

Onun sözlərinə görə, Azərbaycan hökuməti siyasətində tamam fərqli bir yol seçib.

"Azərbaycan birmənalı şəkildə Avrointeqrasiya xətti tutmayıb, daha çox Rusiya və Qərb arasında balans siyasəti aparıb. Tərəflərdən heç birinə yaxınlaşmırdıq və heç birinə inteqrasiya etmirdik. Müharibənin yekununda Rusiya yenidən Azərbaycana qayıtdı və indi yeni reallıq var. Bir tərəfdən bizim ən önəmli problemlərimizdən biri olan Qarabağ məsələsi ilə bağlı ciddi irəlləyiş əldə etdik, digər tərəfdən də Rusiya Azərbaycanda hərbi varlığını təşkil edərək hərbi gücünü artırdı. İndi biz bu reallıqla üz-üzəyik. Rusiyanın Azərbaycanda bu şəkildə olduğu müddətdə bizim Avrointeqrasiya yolunu tutmağımız çox çətindir və hətta deyərdim mümkünsüzdür", - deyə politoloq Şahin Cəfərli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun