“Qeydiyyata düşməyən şikayət” – Seymur Baycandan yeni hekayə

“Qeydiyyata düşməyən şikayət” – Seymur Baycandan yeni hekayə
26 Fevral 2021
Mətni dəyiş

Qəbul otağında səkkiz adam əyləşmişdi. Bu gün rəisin qəbul günü idi. On beş dəqiqədən sonra o, adamları qəbul edəcəkdi. Kabinetin qapısı açılan kimi qəbul otağında əyləşənlər özlərini yığışdırdılar, sakit oldular. Rəisin otağından cavan polis leytenantı çıxdı. Leytenant asılqandan plaşını götürüb geyindi, alnının, gicgahlarının, qulaqlarının dalının tərini açıq mavi rəngli dəsmalla silə-silə qəbul otağında oturanların bir-bir sifətlərinə baxdı.

Üç gündən bəri arası kəsilmədən yağan yağış səhər tezdən dayanmışdı. Hava gah açılıb, gah tutulurdu. Günəş bir buluddan çıxıb başqa buluda girirdi. Soyuq mart küləyi ağacların çılpaq budaqlarında gücünü sınayır, həm də təbiətin qış yuxusundan ayılmasını sürətləndirir, hardasa çalışan hərbi marşın sədalarını buralara qədər gətirirdi. Ac qarğalar küçələrdə qarıldaşaraq dolaşır, yem axtarırdılar. Yol kənarlarındakı fənərlərin söndürülməyən işıqları lazımsız və xoşagəlməz idi. Leytenant Canbulov küçədə dərindən nəfəs aldı. Külək üzünə vurduqca gərginliyi azalırdı. Rəisin otağındaki söhbət əməllicə ovqatını pozmuşdu. Onun dili dodağı qurumuşdu. Yolun o biri üzündəki su dükanına sarı addımladı. Dükanda müştəri yox idi. Qırmızı köynəyin üstündən əlvan naxışlı toxunma yun jilet, jiletin üstündən də ağ xalat geyinmiş orta yaşlı susatan qadın piştaxtaya dirsəklənib moda jurnalı vərəqləyirdi. Qadın leytenantı görəndə jurnalı kənara itələyib dikəldi. Gərginlikdən tam azad olmaq üçün leytenantın bir az danışmağa ehtiyacı vardı. Gərgin olduğu halda o, su içə bilmirdi. Birmənalı olaraq ancaq rahatlaşdıqdan sonra su içirdi.

– İşlər necə gedir? – polislərin iaşə obyektlərində çalışan adamlara, xüsusən satıcılara ərkyana münasibətinə xas tərzdə sual verdi.

– Sakitçilikdir – qadın asanlıqla cavab qaytardı.

Polislər və satıcılar, bu iki peşənin sahibləri hətta bir-birlərini tanımasalar belə istənilən mövzuda rahatlıqla söhbətə başlamağı bacarırlar.

– Nə yazırlar? – Leytenant jurnala işarə etdi.

– Çox şey yazırlar. Paltarlara baxırsan, adam dilxor olur. Onlar necə geyinir, biz necə geyinirik.

– Onlarla müqayisədə biz necə geyinirik ki?

– Onlarla müqayisədə biz cır-cındır geyinirik.

– Onlar kimi geyinməyə sizə nə mane olur?

– Çox şey. Bizə nə mane olmur ki? Bəyəm sayı birdi, ikidi? Vaxt, pul, imkansızlıq… Burda belə paltarları hardan tapmaq olar?

– Yəni deyirsiniz, o jurnaldakı paltarlardan bizim mağazalarda yoxdu.

Qadın jurnalı götürüb tələsik vərəqlədi. Qırmızı rəngli paltar geyinmiş qamətli, ağzını geniş açaraq gülümsəyən bir qadın rəsmini leytenanta göstərdi.

Leytenant paltardan daha çox paltarı geyinmiş qadının sifətinə baxdı:

– Gözəl qadındır.

– Süpürgəni də belə geyindirsən, gözəl görünər. Siz bizim mağazalarda nə vaxt belə paltar görmüsünüz? Yoxdur. Görə bilməzsiniz.

Leytenant susatan qadının hamar sifətinə baxdı və düşündü ki, on-on beş ildən sonra bu qadının çöhrəsi təravətini tamam itirmiş olacaq.

– Açığı deyim ki, mənim qadın geyimindən o qədər də məlumatım yoxdur. Zəhmət olmasa, “Borjomi” açın.

– Qazlı?

– Qazsız.

Qadın şüşə butulkanın qapağını açdı. Leytenant suyun hamısını birnəfəsə içdi. Butulkanın dibində bir qurtum da su qalmadı. Qadın gülümsədi.

– Nəyə gülürsünüz?

– İlin bu vaxtı çox az adam butulkadakı suyu axıra qədər içir.

– Hələ havalar soyuqdur. Yay gəlsin, havalar qızacaq. Onda adamlar suyu axıra qədər içəcəklər. Düzünü deyin, ilin bu vaxtı adamlar suyu axıra qədər içəndə siz hansı hissləri keçirirsiniz?

– Düzünü deyim?

– Bəli, xahiş edirəm.

– Mən həmişə gözləmişəm ki, kimsə mənə bu sualı versin. Səmimi deyirəm, adamlar soyuq havada suyu axıra qədər içəndə mən özümü xoşbəxt hiss edirəm. Məndə yaşamaq həvəsi yaranır.

Leytenant gülümsəyə-gülümsəyə küçəyə çıxdı. Gərginliyi tamam keçmişdi.

Qadınla söhbət, qazsız “Borjomi” onu sakitləşdirmişdi. Avtobus dayanacağında o, addımlarını yavaşlatdı. Dayanacağın yaxınlığında yekə bir it oturub sümük gəmirirdi. Leytenant sümük gəmirən itə baxa-baxa yolu piyada, yoxsa avtobusla getmək barədə düşündü. Çox düşünmədi və yolu piyada getmək qərarına gəldi.

Sahə müvəkkilinin otağı doqquz mərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi. Leytenant qapının sağ tərəfinə qoyulmuş, üç nəfərin rahat otura biləcəyi skamyada qoca bir kişinin tək oturub siqaret sümürə-sümürə fikrə getdiyini gördü. Leytenant kişidən soruşdu:

- Vətəndaş, burda oturmaqda məqsədiniz nədir?

Kişi gözlərini qıyıb leytenanta baxdı:

– Şikayətə gəlmişəm.

– Bu dəqiqə.

Leytenant otağa keçdi, qoca da onun dalınca. Sahə müvəkkili furajkasını, plaşını çıxarıb divara vurulmuş qoyun buynuzundan asdı və yazı stolunun arxasına keçdi. Stolun üstü qəzet və jurnallarla dolu idi. Səliqəsiz halda bir-birinin üstünə qalaqlanmışdılar. Leytenant iri külqabını qocaya sarı itələdi. Külqabının üstünə üzbəüz duran iki ceyran və əlvan güllər nəqş edilmişdi. Qoca siqaretini söndürdü.

– Niyə gəlmisiniz? Buyurun, eşidirəm sizi.

Kişi sıxıla-sıxıla dedi:

– Oğul!

– Oğul yox, mümkünsə, “yoldaş leytenant” deyərək müraciət edin.

– Baş üstə. Sizin üçün necə rahatdır.

– Söhbət mənim üçün necə rahat olub-olmamasından getmir. Əslində, oğul müraciəti mənim üçün daha rahatdır, başqa yerdə mənə oğul desəydiniz, çox sevinərdim, amma siz sahə müvəkkilinin otağında əyləşmisiniz, şikayətə gəlmisiniz, qaydaya uyğun olaraq mənə rütbəmlə müraciət etməlisiniz. Yox, əgər doğrudan da, mənə rütbəmlə müraciət etmək sizin üçün çox çətindirsə, o zaman oğul deyərək müraciət edə bilərsiniz.

– Yoldaş leytenant, mən birinci dəfədir ki, bura şikayətə gəlirəm. Şikayət eləməyi sevmirəm. Allah mərdimazara lənət eləsin. Neyləyim, rahat yaşamağa qoymurlar. İndi mənim elə vaxtımdır ki, gərək oturam döşəkcənin üstündə, arxamı da söykəyəm yastığa. Qabağıma qoyalar çayımı, çörəyimi, yeyib-içib Allahıma şükür edəm.

– Şikayətiniz kimdəndir?

– Qonşumdan. Heç kimə pis qonşu arzulamıram. Yaman dərddir.

– Nə edir sizin qonşunuz? İçir, qışqırır, mahnı oxuyur, söyüş söyür, başınıza su tökür?

– Yox.

– Bəs o zaman nədən şikayət edirsiniz?

– Deməyə utanıram.

– Utanmayın. Həkimdən və polisdən utanmaq lazım deyil.

– Danışmaq mənim üçün bir az çətindir. İlk dəfədir başıma belə bir iş gəlir. Neçə dəfə yuxarı qalxmışam, xahiş eləmişəm, demişəm oğul, diqqətli ol, qoca adamla belə rəftar eləməzlər. Söz verir ki, bir də eləməyəcək, amma bir neçə gün keçir, yenə hər şey təkrar olur. Bir sözü adama neçə dəfə deyərlər? Vallah, adam utanır. Bütün ömrüm boyu dayanmadan işləmişəm. Heç kimə pisliyim dəyməyib. Həmişə qanunlara əməl eləmişəm. Pensiyaya çıxdım. Dedim ki, ömrümün qalan günlərini rahat yaşayaram. Di gəl ki, qoymurlar. Bu əzab nə vaxta kimi uzanacaq, daha əsəblərim dözmür. Mən tez yatıb, tez oyanmağa adət eləmişəm. İndi yata bilmirəm. Yuxum ərşə çəkilib. Axı belə yaşamaq olmaz.

– Nə edir o?

– Arvadımı qayırır – qoca pencəyinin döş cibindən çıxartdığı qutudan bir dənə yastı ağ həb götürüb dilinin altına qoydu və onun bu hərəkəti leytenantın ürəyində mərhəmət hissi oyatdı. Bunun səbəbi olduqca sadə idi. Qoca dilinin altına ağ həb qoymaqla leytenanta atasını xatırlatmışdı.

Kişi leytenantın “arvadımı qayırır” sözünu eşidərkən heyrətlənəcəyini zənn edirdi, amma leytenant heyrətlənmədi, sözü sakit qəbul elədi. Kişi belə başa düşdü ki, leytenant bu cürə şikayətləri tez-tez eşitdiyindən artıq belə sözlərə öyrəşibdir.

– Oğlunuz var?

– Var. Oğlum ayrı yaşayır.

– Oğlunuz bu işdən xəbərdardır?

– Yox, onun xəbəri yoxdur. Oğlum dəlinin biridir. İstəmirəm, bu söhbəti ona deyim. Ailəsi var, uşaqları var. Qorxuram, araya qan düşər. Mən istəyirəm, məsələ qanun yolu ilə həll olunsun.

– Narahat olmayın, elə günü sabah mən bu işlə məşğul olaram. Elə günü sabah qonşunuzla söhbət edərəm.

– Adamın dərdini ancaq adam yüngülləşdirə bilər. Ürəyimi sənə boşaltdım, elə bil həqiqətən yüngülləşdim.

Leytenant lazım olan məlumatları alıb qoca şikayətçini yola saldı. Bayaq şikayətçidən “arvadımı qayırır” sözünü eşidərkən heyrətlənməməsi leytenantın təbiətcə soyuqqanlı olmasının nəticəsi deyildi. Son vaxtlar bu cür şikayətlər artmışdı və leytenant belə şikayətlərə öyrəncəli olmuşdu. Kişi gedəndən sonra leytenant onun şikayətini qeydiyyat dəftərinə qeyd edib-etməmək barədə xeyli düşündü. Əgər şikayəti dəftərə qeyd etsəydi, rəis yenə də onu danlayacaqdı. Hətta bir bahənə tapıb ona töhmət də verə bilərdi. Leytenant səhər rəislə aralarında olan söhbəti yadına saldı. Ağzından çıxan sözlərin təsirini qaş-gözünü oynatmaqla, əl-qol hərəkətləri ilə gücləndirməkdə pərgar olan rəis ona demişdi:

– Bilirsən, səni niyə çağırmışam?

– Günahım nədir, yoldaş polkovnik?

– Pis işləyirsən. Hər hadisəni qeydə almazlar. Kim gəlib sənə şikayət edirsə, ucdantutma dəftərə salırsan. Niyə qozasını yediyin palıd ağacının kökünü qazırsan? Sən hesabdar deyilsən, sahə müvəkkilisən. Şikayətin birini qeydə alanda beşinin üstündən keç. Sən hələ gəncsən. Eybi yoxdur, illər gəlib getdikcə təcrübən artar. Elə et ki, şikayət edənlərin sayı dəftərdə çox olmasın. Nazirliyə məlumat verəndə iclaslarda üzümüzü danlayırlar. Bilirsən bu nə deməkdir? Mən sənə keçən dəfə bir aləm söz dedim. Dediklərimdən nəticə çıxarmamısan. Belə olmaz, yoldaş leytenant, belə olmaz… Nə ölçü götürürsənsə, götür, amma şikayətləri qeydə alma. Eşidirsənmi? Bundan sonra dediklərimə əməl etməsən, özündən küs.

– Yoldaş polkovnik, sizə məlumdur ki, kiçik qanun pozuntusundan böyük cinayətlər, faciələr törəyir. Bizim işimizdə kiçik, böyük şikayət yoxdur. Əgər mən öz sahəmdə baş verən hər bir hadisəni qeydə almasam…

Rəis əyri-əyri leytenanta baxdı. Bu baxışlardan açıq-aşkar hiss edilirdi ki, rəisin leytenantdan o qədər də xoşu gəlmir və ona ağır söz deməməmk üçün özünü güclə saxlayır. Leytenant rəisin əyri baxışları altında elə sıxılır, elə əzab çəkirdi ki, az qala dizi üstə çöküb qışqırmaq istəyirdi: “Axı məndən nə istəyirsən? Mənə nə vermisən ala bilmirsən?”.

– Mən belə söhbətləri çox eşitmişəm. Bunlar köhnə söhbətdi. Təzə söhbətin yoxdursa gedə bilərsən.

Leytenant məsələni rəisə izah etməyə səy göstərsə də, rəis onu dinləmək istəmədi.

***

– Bilmək olarmı məni niyə bura çağırmısınız?

– Sizdən şikayət var.

– Nə şikayət? Kimdir şikayətçi?

– Səbr edin. Hər şeyi biləcəksiniz. Burda sualları mən verirəm. Sənətiniz nədir?

– Müəlliməm.

– Hansı fənn üzrə?

– Azərbaycan dili və ədəbiyyatı.

– Harda işləyirsiniz?

– Bakı Dövlət Universitetinin filologiya fakültəsində.

– Yaşınız?

– 35.

– Adınız?

– Nəsib.

– Familyanız?

– Cavanşirov.

– Atanızın adı?

– Vahab.

– Evlisiniz?

– Xeyr, subayam.

– Vətəndaş Cavanşirov, siz xalqımızın övladlarına təhsil və tərbiyə vermək əvəzinə əxlaqsız işlərlə məşğulsunuz.

– Mən bacardığım qədər əxlaq qaydalarına riayət etməyə çalışıram.

– Məncə, sizin həyat tərziniz heç də dediyiniz sözlərlə üst-üstə düşmür.

– Konkret danışmaq olmazmı?

– Mənim atam uzun illər məktəb direktoru işləmişdi. O, heç vaxt subay müəllimləri işə götürməzdi. Həyat təcrübəsi başqa şeydir. İndi baxıram ki, onun bu taktikası çox doğru taktika imiş. Müəllim subay olduqda ortaya xeyli əxlaqi problemlər çıxır.

– Mən heç bir əxlaqsızlığa yol verməmişəm.

– Bəzən görürsən, bir uşaq küçədə bir nalayiq iş görür. Maşından sallanır, popiros çəkir, söyüş söyür, ağacların budağını qırır… Çoxları onun yanından saymazyana keçir, çiyinlərini çəkib deyirlər: “Cəhənnəm olsun, mənim uşağım deyil ki?” Bəli, sənin deyil, mənim deyil, amma bizimdir, cəmiyyətimizindir! Hamı bunu başa düşsə, necə də yaxşı olar! Cinayətə qarşı təkcə inzibati orqan işçiləri deyil, bütün xalq mübarizə aparmalıdır. Etinasızlıq, laqeydlik hər bir cəmiyyət üçün böyük bəladır.

– Müqəddiməsiz deyin görüm məni niyə çağırmısınız? Bu sözlər nəyə lazımdır? Bunların mənə nə dəxli var?

– Dəxli çoxdur. Özünüzdən otuz yaş böyük bir qadını, özü də ərli qadını qayırmaq əxlaqsızlıq deyilmi? Heç utanırsınızmı? Sizi buna nə vadar edir? Fantaziyalarınız? Belə baxıram görünüşünüz qaydasındadır. Bir az fərasətli olsanız, daha cavan qadın ələ keçirə bilərsiniz. Elə deyilmi?

– Elədir.

– Əgər elədirsə, bəs onda özünüzdən otuz yaş böyük qadını qayırmaq nəyə lazımdır?

Filoloq başa düşdü ki, bu sual cavab almaq üçün verilməyib. Bu, hökmün, ittihamın bir forması idi.

– Yoldaş leytenant, ümid edirəm, indi deyəcəyim sözləri səmimi qəbul edəcəksiniz. İnanın, yaşlı qadınla cinsi əlaqəyə girmək o qədər də xoş proses deyil. Mən onunla cinsi əlaqəyə girməyə sadəcə məcburam.

– Niyə? Bəlkə o sizi hər hansı bir formada şantaj edir? Əgər arada şantaj olubsa, siz gərək hər şeydən əvvəl polisə müraciət edəydiniz.

– Heç bilmirəm, buna şantaj demək olarmı.

– Siz danışın, arada şantaj olub-olmadığını mən özüm müəyyən edəcəm.

– Bir az həyəcanlıyam. Fikrimi bir yerə toplaya bilmirəm. Əgər sözlərimdə əlaqəsizlik olsa, gərək məni bağışlayasınız.

– Həyəcanlanmayın.

– Təşəkkür edirəm, yoldaş leytenant. Danışmaq olarmı?

– Əlbəttə, əlbəttə, buyurun!

– İndi yaşadığım evə təzə köçmüşdüm.

– Köçdüyünüz təxminən neçə gün olardı? Dəqiq yadınızda deyil?

– Üç gün, maksimum dörd gün… Bir gün evin qapısı bərk döyüldü. Mənim də lap uşaqlıqdan qapı döyülməyindən zəndeyi-zəhləm gedir. Özüm də qapı döyməyi sevmirəm. Döyəndə də yavaşca döyürəm. Əgər yavaş döydüyüm qapı açılmırsa, qapını bərk döymürəm, qayıdıb gedirəm. Xülasə, qapı bərk döyüləndə tərslikdən mən yatmışdım. Mən çox narahat yatıram. Yerimin içində kirpi kimi büzüşürəm. Əvvəlcə mənə elə gəldi ki, yuxu görürəm, elə bildim, qapı yuxuda döyülür. Sonra başa düşdüm ki, yox, yuxu görmürəm, qapı yuxuda döyülmür, həyatda döyülür. Nə qədər qəribə də olsa, həmin anda bir suala cavab tapmaq istəyirdim. Görəsən, hansı daha pisdir, qapının yuxuda döyülməyi, yoxsa həyatda? Bu suala cavab axtara-axtara yerimdən qalxdım. Gedib qapını açdım. Qapının önündə yaşlı bir qadın dayanmışdı. Görkəmi, geyimi yaşına uyğun deyildi. Mülayim səslə soruşdum ki, sizə nə lazımdır? O, əsəbi tərzdə dedi ki, qonşudur, aşağı mərtəbədə yaşayır. Bizim evdən onların evinə su damır. Oboy, divara vurduqları bahalı xalça, təzə aldıqları pərdələr tamam islanıb. Ürəyim düşdü. Bərk qorxdum. Nifrət edirəm belə vəziyyətlərə. Harda yaşamışamsa, həm ev sahibləri, həm də qonşular məndən razı olublar. Heç vaxt evdə səs-küy salmamışam. Heç kimi narahat etməmişəm. Qadını qapının ağzında qoyub tez mətbəxə, hamama qaçdım. Bir anda ağlıma min fikir gəldi. Dedim, bəlkə mətbəxdə krantı açıq qoymuşam. Yatmışam, su daşıb aləmi basıb. Mətbəxdə, hamamda hər şey qaydasında idi. Qayıdıb qadına dedim ki, bizim evdə hər şey qaydasındadır. Əgər mənə inanmırsınızsa, gəlin özünüz baxın. Qadın evə girdi. Mətbəxə baxdı, hamama baxdı, gördü, hər şey qaydasındadır, özünü təəccüblənmiş kimi göstərdi. Sonra da başladı mənə suallar verməyə. Subaysınız, nə işlə məşğulsunuz, valideynləriniz hardadır… Onun suallarına həvəssiz cavab verdim. Sonra qadın dedi ki, uzaq qohumdansa, yaxın qonşu yaxşıdır. Bir şey lazım olsa, utanmayın. Nə vaxt istəsəm, onlara müraciət edə bilərəm. Hətta arada gəlib mənə yemək də bişirə bilər. Mən ona öz təşəkkürümü bildirdim. Qonşularla sıx əlaqədə olmağı sevmirəm. İstəyirəm, heç kim mənə mane olmasın. Mən sakit, səssizcə yaşamağın tərəfdarıyam.

– Onun hərəkətləri, sualları sizdə hansı fikirlər və hisslər yaratdı?

– Bilirsiniz, vəziyyət mənim üçün nə qədər qeyri-müəyyən olsa da, qadın haqqında pis heç nə düşünmədim. Ümumiyyətlə, onun haqqında düşünmək istəmirdim. İki gün keçdi. Yenə qapı bərk döyüldü. Qapını döyən yenə də qonşu qadın idi. Vaxtınızı çox almaq istəmirəm. Hər şey təkrar olundu. Dedi ki, sizin evdən bizim evə su damır. Mən yenə də qorxdum. Mətbəxə, hamama qaçdım. Gördüm ki, hər şey qaydasındadır. Qadına dedim ki, vallah bizim evdə hər şey qaydasındadır. Krantlardan, borulardan su dammır. Hamısı salamatdır. Qadın dedi ki, sizə inanmıram, əgər borular salamatdırsa, bəs onda bizim evə su hardan damır? Onu içəri dəvət etdim. Dedim ki, mənə inanmırsınızsa, gəlin özünüz baxın. Ora baxdı, bura baxdı, yenə də özünü təəccüblənmiş kimi göstərib, lazımsız suallar verdi. Qərəz, bu hadisə hər iki gündən, üç gündən bir təkrar olunmağa başladı. Qadın qapını bərkdən döyür, bizim evdən onların evinə su damdığını iddia edirdi. Artıq rahatlığım pozulmağa başlamışdı. Hardan çıxdı bu qadın? Nə istəyir məndən? Niyə adama rahat yaşamağa imkan vermirlər? Bəyəm bir insan kimi mənim rahat yaşamağa haqqım yoxdur? Bu suallara cavab tapmaq istəyirdim.

– Niyə köçmürdünüz?

– Köçmək haqqında düşünməyə başlamışdım, amma bu tezliklə köçmək mənim üçün zülm olardı. Ora bura köçməkdən zəhləm gedir, həm də ev xoşuma gəlirdi. Bir gün divanda uzanıb kitab oxuyurdum. Qapı döyüldü. Qalxıb qapını açdım. Gördüm həmin qadındı. Soruşdum, nə lazımdır. Əsəbi tərzdə dedi ki, evdə səs küydən dayanmaq olmur. Guya mən nəsə ağır bir şeyi döşəməyə çırpıram. Yüksək səslə musiqiyə qulaq asıram. Dedim ki, elə şey ola bilməz. Mən evdə təkəm. Döşəməyə də heç nə çırpmıram. Mebelin yerini də dəyişmirəm. Musiqiyə isə, ümumiyyətlə, qulaq asmıram. Dedim ki, bizim evdə tam sakitçilikdir. Uzanıb kitab oxuyurdum. Hətta otağa qayıdıb oxuduğum kitabı götürüb ona göstərim.

– Nə oxuyurdunuz?

– Andersonun nağıllarını.

– Bu yaşda?

– Elə qadın da mənə təxminən belə sual verdi. Dedi ki, bu yaşda nağıl oxumaq sizin nəyinizə lazımdır? Bəlkə sizin nağıla ehtiyacınız var? Mən də cavab verdim ki, uşaq vaxtı bu nağılları oxuyanda bir çox mətləbləri başa düşməmişəm. Andersonun nağılları hər yaşda oxunmalıdır. Qapının ağzında dayanıb danışmaq istəmirdim. Onu istəməsəm də, evə dəvət etdim. İçəri keçəndə mənə dedi ki, müəllim, deyəsən siz uşaq qalmısınız, böyüməmisiniz. Dedim ki, mən lazımi qədər böyümüşəm, sadəcə nağıl oxuyanda beynim sakitləşir, həm də saflaşıram. O isə razılaşmırdı. Elə hey deyirdi ki, yox, mən böyüməmişəm, uşaq qalmışam, hətta ana qayğısına ehtiyacım var. Onun bu inadkarlığı, uşaq olduğumu sübut etmək cəhdləri məni əsəbləşdirirdi. Artıq özümü ələ ala bilmirdim.

– Bəlkə o bu sözləri istehza ilə deyib, siz hiss eləməmisiniz.

– İstehza nədir? Belə də istehza olar? Bu qadının tez-tez məni narahat etməsini həyat təcrübəsi zəngin olan bir dostuma danışmışdım. Dostum demişdi ki, o qadın sik istəyir. Ona sik lazımdır. Əgər onu sikməsən, sənə rahatlıq verməyəcək. Ya evdən köçməlisən, ya da rahat yaşamaq istəyirsənsə, onu sikməlisən. Başqa yol yoxdur. Mən dilemma qarşısına qalmağı sevmirəm, amma doğrudan da, dilemma qarşısında qalmışdım. Ya evdən köçməli, ya da qadını sikməliydim. Çətin məsələdir, elə deyilmi?

– Və siz?

– Bəli, məlum olduğu kimi ikinci variantı seçdim. Ancaq məcburən. Xahiş edirəm, bunu mütləq nəzərə alın. Düzünə qalsa, hadisələrin belə sürətlə və bu məcrada baş verəcəyini heç özüm də gözləmirdim.

– Görünüşünüzdən bir az utancaq adama oxşayırsınız. İlk addımı atmaq sizin üçün çətin olmadı?

– Bəyəm mən hər şeyi təffərrüatıyla danışmalıyam?

– Məsələnin tam aydın olması üçün danışmalısınız. Hər şeyi açıq danışmalıyıq. Kitablar bizi belə öyrədib.

– İlk addımı atmaq asan olmadı. Əvvəla qorxurdum. Qorxurdum ki, ona toxunsam, birdən qışqırar, səs-küy salar, onu zorlamaq istədiyimi aləmə car çəkər, məni biabır edər. Qorxmaqdan əlavə həm də utanırdım. Düşünürdüm ki, birdən ona toxunaram və o mənə “müəllim, bunu sizdən heç gözləməzdim” sözünü deyər. Bilirsiniz, kim deyirsə desin, bu, mənim heç eşitmək istəmədiyim sözdür. Hər zaman bu sözü eşitməkdən qorxmuşam. Ona görə də mən hərəkətlərimdə ifrat dərəcədə ehtiyatlıyam. İstəmirəm, kimsə mənə “müəllim, bunu sizdən heç gözləməzdim!” desin. Biz divanda oturmuşduq. O, kitabı vərəqləyirdi. Arada dayanıb kitabdan bir-iki cümlə oxuyurdu. O, mənimlə uşaq kimi davranırdı. Hər dəfə də oxuduğu cümlədən sonra mənə deyirdi: “Müəllim, siz böyüməmisiniz. Müəllim, sizin ana qayğısına ehtiyacınız var. Düz demirəm, müəllim?”. Növbəti dəfə mənə bu sualı verəndə dedim ki, düz deyirsiniz, mən böyüməmişəm, mənim ana qayğısına ehtiyacım var. Qadın bu sözləri eşidəndə uzun sürən davada qalib gəlmiş adamlara xas bir tərzdə güldü. Dedi ki, müəllim, mən sizi birinci dəfə görən kimi bildim sizin ana qayğısına kəskin ehtiyacınız var. Kişi xeylağı hansı vəzifədə işləyirsə işləsin, hansı yaşda olursa olsun, ona ana qayğısı göstərmək lazımdır. Kişi xeylağı məməsiz yaşaya bilməz. Bütün kişiləri vaxtlı vaxtında əmizdirmək lazımdır. Müəllim, indi mən sizi əmizdirəcəm, siz isə əvəzində məni sikəcəksiniz. Ona dedim ki, sizə nə olub, bu nə sözlərdir deyirsiniz, ayıb deyil? Mənə belə cavab verdi: “Kimdən ayıbdır? Nə üçün ayıbdır? Məgər mən qadın deyiləm? Bəs qadın olduğumu necə sübut edim?”. Mən susdum. Cavab vermədim. “Nə üçün susursunuz? Mən istəyirəm ki, siz danışasınız. Dil insana ona görə verilib ki, danışsın. Az qala məni əsnəmək tutur. Əgər qadını əsnəmək tutursa, onun yanında dayanan kişi utanmalıdır”, – o, bu sözləri deyib köynəyinin düyməsini açdı. Məmələrini çıxarıb məni böyük qayğıkeşliklə əmizdirməyə başladı. Mən də razılaşdığımız kimi onu sikdim. Sikə-sikə bir suala cavab tapmaq istəyirdim: “Bir şeyi ki, ürəkdən etmirsən, onu etməyin bir mənası varmı?”. Göründüyü kimi mən heç bir əxlaqsızlığa yol verməmişəm. Mən rahat yaşamaq istəyirəm. Başqa heç nə istəmirəm.

– Sizin bu sohbətiniz heç xoşuma gəlmədi.

– Niyə, pis danışdım?

– Yox, pis danışmadınız, yaxşı danışdınız. Söhbətin özü xoşuma gəlmədi. Bu söhbətin axırını yaxşı görmürəm. Mütləq bu işin bir zibili çıxacaq. Sizi axmaq bir hadisə gözləyir.

– Elə danışırsınız ki, adamın canına vahimə dolur. Bəs indi mən nə etməliyəm?

Leytenant özünü fikrə getmiş kimi göstərdi. Səsinin ahəngini dəyişərək qayğılı-qayğılı dedi:

– Səssiz-səmirsiz köçməlisiniz.

– Köçmək? – filoloq aşkarca balacalaşdı.

– Bəli, köçmək lazımdır. Ən düzgün variant budur.

– Köçməkdən zəhləm gedir.

– Əşyalarınız çoxdur?

– Elə çox deyil. Bir-iki qab-qacaq, bir az pal-paltar… Əsas kitablardı.

– İstəsəniz, mən sizə kömək edə bilərəm. O qadın mütləq bir hoqqa çıxaracaq. Nə qədər tez köçsəniz, bir o qədər yaxşıdır.

– Hər şeyi yenidən qurmaq, yenidən başlamaq lazım gələcək. Heç köçməyə həvəsim yoxdur. Bu nə qayda-qanundur? Belə də şəxsiyyət azadlığı olar?

– Söhbəti çox uzatmayaq. İki variantdan birini seçməlisiniz. Ya o qadınla hər cür əlaqəyə son qoymalısınız, ya da köçməlisiniz.

– İşə düşmədik? Mən indi hara gedim? Yenə də dilemma! Belə həyat məni yorur. Mən adi bir insanam, sadə həyat yaşamaq istəyirəm.

– Hər bir kəs öz tərbiyəsinə uyğun yaşamalıdır. O şey ki, həqiqətən bizimdir, biz ondan heç vaxt məhrum ola bilmərik. Biz yalnız bizə aid olmayan şeyləri itirə bilərik. Həyatda hər əziyyətə dözmək olar, təki sabitlik olsun. Hər şeydən əvvəl sabitlikdir. Qalan şeylər düzələr.

Leytenant bilmədi daha nə desin. Ağlına daha heç bir şey gəlmədiyindən boynunun ardını qaşıdı.

Seymur Baycan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun