Ombudsman Aparatı Polad Aslanovun həbsxanada aclıq etdiyini təsdiqləyib

Ombudsman Aparatı Polad Aslanovun həbsxanada aclıq etdiyini təsdiqləyib
8 Fevral 2021
Mətni dəyiş
Ombudsman Aparatının nümayəndələri Bakı İstintaq Təcridxanasında xeberman.com saytının təsisçisi Polad Aslanov ilə görüşüblər. Ombudsman Aparatının nümayəndəsi Polad Aslanovun aclıq etdiyini təsdiqləyib. Bununla yanaşı, qurumda qeyd ediblər ki, P.Aslanovun vəziyyəti normaldır, sərbəst hərəkət edir, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmündən şikayətçidir. P.Aslanov adi kamerada qalır və digər məhbuslardan təcrid edilməyib. Eyni zamanda, Ombudsman Aparatının nümayəndəsinin sözlərinə görə, ona tibbi nəzarət var. Öz növbəsində, P.Aslanovun xanımı Gülmirə Aslanova bildirib ki, bu gün həyat yoldaşı İstintaq Təcridxanasından telefon edib. Onun sözlərinə görə, P.Aslanov sağlıq durumunun normal olduğunu, lakin böyrəklərdə ağrı olduğunu söylədi. O bildirib ki, apellyasiya şikayətinə ədalətli baxılması təmin olunana qədər aksiyanı davam etdirəcək. * Noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda ittiham olunaraq 16 il azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il mühakimə edilməsini istəyib. P.Aslanov 12 iyun 2019-cu ildə həbs edilib və CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, P.Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib. P.Aslanov bütün ittihamları rədd edib, xüsusi xidmət orqanlarının işçiləri tərəfindən korrupsiya hallarının ifşa olunmasına görə təqib edildiyini bildirib. Beynəlxalq təşkilatlar onun həbsini pisləyiblər, P.Aslanovu azad etməyə çağırıblar. Fevralın 1-də P.Aslanovun apellyasiya şikayətinə baxılması başlayıb. İclas zamanı o, aclıq elan edərək prosesin obyektivliyinin təmin olunmasını tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun