Rusiya müxalifətinin lideri Aleksey Navalnın Moskvada saxlanıldığı həbsxanadan çıxarılaraq adı və yeri açıqlanmayan həbsxanaya köçürüldüyü bildirilib.
Almaniyadan qayıtdıqdan sonra hava limanında həbs edilən müxalifət liderinin vəkilləri bildirib ki, onun harda saxlanılması ilə bağlı məlumat yoxdur, onunla görüşmək üçün “Matrosskaya Tişina” istintaq təcridxanasına gələndə müttəhimi orada tapa bilməyiblər.
Ancaq hökumət mediasına açıqlama verən Aleksandr Kalaşnikov adlı rəsmi Navalnın vəziyyətinin və saxlanılma şəraitinin çox yaxşı olduğunu bildirib.
Bundan əvvəl mətbuatda Navalnının ümumi rejimli koloniyaya köçürüləcəyi açıqlansa da yeri haqda əlavə informasiya verilməyib: “Məhkum mənzil başına çatdırılanadək Cəzaların İcrası Federal Xidməti cəzaçəkmə məkanını açıqlaya bilməz” – deyə, Moskva İctimai Monitorinq Komissiyasının üzvü Yeva Merkaçyova məlumat verib.
Müxalifət liderinin həbsi...
Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.
Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı. Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.
Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.
Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.