Navalnının həbsinə Qərbdən sərt reaksiyalar var, sanksiya layihəsi gəlir

Navalnının həbsinə Qərbdən sərt reaksiyalar var, sanksiya layihəsi gəlir
3 Fevral 2021
Mətni dəyiş

Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsinə reaksiyalar gecikməyib. Moskvanın Simonovskiy məhkəməsi müxalifət lideri barəsində çıxartdığı 3,5 il müddətinə azadlıqdan məhrum etmə qərarından sonra Qərb bu həbsə sərt reaksiya verib. 

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Cozep Borrell Rusiyanı Aleksey Navalnın dərhal azadlığa buraxılmasına çağırıb. Borrell Tvitter hesabında yazıb ki, Aleksey Navalnı barədə çıxarılan qərar qanunun aliliyi və əsas azadlıqlar sahəsində Rusiyanın beynəlxalq öhdəliklərinə ziddir. Bununla yanaşı, qərar Avropa İnsan Hüquqları Məhkəməsinin bu işi əsassız hesab edən qərarına da ziddir. O, dərhal sərbəst buraxılmalıdır.

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen də Navalnın dərhal azadlığa buraxılmasına çağırış edib. Mişel Tvitterdə qeyd edib ki, Avropa İttifaqının Aleksey Navalnının dərhal sərbəst buraxılmasına dair çağırışını təkrar edirəm. Bu qərarı qəbul etmirik, ədalət siyasiləşdirilməməlidir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen qərarı qınayıb. "Aleksey Navalnı ilə bağlı çıxarılan qərarı sərt şəkildə qınayıram. Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və Navalnını dərhal, qeyd-şərtsiz azad etməyə çağırıram", -deyə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen qeyd edib.

Amerika Navalnın həbsindən dərin narahatlıq keçirir

ABŞ Dövlət Katibi Entoni Blinken Eusiya müxalifətinin liderinin həbsi ilə bağlı Amerikanın narahatlığını ifadə edib. Blinken bildirib ki, müxalifət lideri barədə və bu məsələ ətrafında digər şəslərlə bağlı çıxarılan məhkəmə qərarlarını qınayırlar.

"Aleksey Navalnı da daxil olmaqla, sərbəst toplaşmaq və ifadə azadlığından istifadə etdiyi üçün həbs edilən bütün vətəndaşların azadlığa buraxılmasına çağırıram", - deyə o, qeyd edib.

Fransa da narahatdır...

Fransa prezidenti Emmanuel Makron Rusiya müxalifətinin lideri Aleksey Navalnı barəsində çıxarılan məhkəmə qərarını qınayıb. Prezident Navalnın dərhal azadlığa buraxılmasına çağırış edib.

Makron Tvitter hesabında qeyd edib ki, Aleksey Navalnının mühakimə olunması qəbuledilməzdir. Fikir müxtəlifliyi cinayət deyil. Rusiyanı Navalnını dərhal sərbəst buraxmağa çağırırıq. Demokratik azadlıqlara və insan haqlarına hörmət mübahisəsizdir.

Sanksiyalar...

ABŞ-da respublikaçı senator Mitt Romni Rusiyada Aleksey Navalnının həbsinə məsul olan şəxslərə qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsi təqdim edəcək. Bu barədə senator özünün tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, qanun layihəsi bu həftə Senata daxil olacaq.

Xatırlatma

Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.

Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.

Aleksey Navalnı fevralın 2-də onun İv Roşe işi üzrə şərti cəzasını həbsxana müddətinə dəyişdirməli olan məhkəmədə yenidən Rusiya prezidenti Vladimir Putini onun həyatına sui-qəsd cəhdində ittiham edib:

"Mən yaxşı adamların, pilotların və həkimlərin sayəsində sağ qalmağımla onlara ölümcül zərbə vurmuşam. Sonra isə qaçıb hardasa bunkerdə mühafizə altında gizlənməmişəm. Daha sonra bundan da dəhşətlisi baş verib. Mən hələ öz zəhərlənməmin təhqiqatında iştirak etmişəm. Biz göstərdik və sübut etdik ki, Putin FTX-dən istifadə edərək qətlə qəsd edib”.

Bu sözləri deyərkən Navalnı 20 avqustda zəhərlənməsini və nəticələri dekabrda dərc edilmiş təhqiqatı nəzərdə tuturdu:

"Sən demə ixtiyarında nə televiziya, nə də siyasi partiya olmayan siyasi opponentə üstün gəlmək üçün onu sadəcə olaraq kimyəvi silahla öldürmək lazım imiş. Hamı əmin oldu ki, o təsadüfi şəkildə prezident postuna yerləşdirilmiş adi məmurcuqdur. O heç vaxt debatlarda iştirak etməyib və onun yeganə metodu adamları öldürməkdir”.

Aleksey Navalnı məhkəmədə etdiyi çıxışda daha sonra deyib:

"O özünü nə qədər geosiyasətçi kimi təqdim etməyə çalışsa da...tarixdə adamzəhərləyən kimi qalacaq. Baxın tariximizdə Xilaskar Aleksandr və Müdrik Yaroslav olub. Bu adam isə tarixə tumanzəhərləyən kimi düşəcək. Məni polis mühafizə edir, Moskvanın yarısı ona görə bağlanıb ki, biz onun opponentlərin tumanlarını oğurlayıb kimyəvi maddə ilə zəhərləməsini sübut etmişik”.

Aleksey Navalnının təhqiqatının gedişində onun Federal Təhlükəsizlik Xidmətinin iddia edilən əməkdaşı ilə söhbəti olmuşdu.

Təhqiqatda deyilirdi ki, FTX əməkdaşı onunla danışanın Navalnı yox, başqa bir rəsmi olduğunu zənn edərək müxalifətçinin tumanına zəhər sürtüldüyünü etiraf edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun