Navalnı tərəfdarları 14 fevralda "Sevgi qorxudan daha güclüdür" şüarı ilə aksiya keçirəcəklər

Navalnı tərəfdarları 14 fevralda "Sevgi qorxudan daha güclüdür" şüarı ilə aksiya keçirəcəklər
12 Fevral 2021
Mətni dəyiş

14 fevral “Valentin günü”-də Rusiya müxalifətinin lideri Aleksey Navalnının tərəfdarları aksiya keçirməyi planlaşdırır. Navalnı qərəgahından bildiriblər ki, aksiyada polislərlə qarşıdurmaya gedilməyəcək. 

"Sevgi qorxudan daha güclüdür" şüarı ilə keçiriləcək aksiyanın formatına görə, hər kəs 14 fevral axşam saat 20:00-da öz həyətindən telefonlarının işıqlarını yuxarı tutacaq: "Hər şeyi daha məharətli şəkildə edəcəyik və polislə birbaşa qarşıdurma olmamasına çalışacağıq, bundan qaçacağıq", - deyə Navalnının regional qərargah şəbəkəsinin rəhbəri Leonid Volkov bildirib.

Rusiya Baş Prokurorluğu da aksiya ilə bağlı xəbərdarlıq edib.

Baş Prokurorluğun xəbərdarlığında deyilir: "Vətəndaşların ifadə və sərbəst toplaşmaq azadlıqlarına hörmətlə yanaşaraq bildiririk ki, mitinqin razılaşdırılması və təşkili prosesinin düzgün olmaması halında sosial şəbəkələrdə bu qanunsuz aksiyalara çağırış etmək pozuntudur"

Prokurorluq bildirib ki, kütləvi aksiyalara çağırış etməyin də cəzası bu aksiyalarda iştirak etməklə eynidir. Ona görə belə çağırışı edən şəslər silməlidirlər. Eyni zamanda, hansısa formada çağırışda iştirak edən media qurumları da cərimələnəcək.

Navalnı aksiyaları...

Yanvarın 31-də Rusiyanın bəzi şəhərlərində Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnıya dəstək mitinqləri təşkil olunub. 17 yanvarda Almaniyadakı müalicəsindən sonra ölkəsinə dönən Navalnı Rusiyaya girdikdən sonra həbs olunub. Bundan sonra o, məhkəmə qərarı ilə 30 gün müddətinə həbs edilib. Navalnın tərəfdarları onun həbsinə ilk dəfə 23 yanvarda keçirilən kütləvi aksiya ilə etiraz ediblər.

Aksiyalarda polislər sosial məsafəni qoruyun tələbi ilə insanlara yaxınlaşıb və sərt formada aksiya iştirakçılarına müdaxilə ediblər, ümumilikdə minlərlə insan həbs edilib.

Bütün bunlardan əvvəl isə Rusiya hökumətinin rəsmiləri həm yerli, həm də xarici sosial şəbəkə şirkətlərinə insanları qanunsuz aksiyalara çağıran paylaşımları silməklə bağlı xəbərdarlıq ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun