Müsavat başqanı Arif Hacılı polisə çağırıldığını deyir, DİN təkzib edir

Müsavat başqanı Arif Hacılı polisə çağırıldığını deyir, DİN təkzib edir
18 Fevral 2021
Mətni dəyiş

Daxili İşlər Nazirliyi Müsavat partiyasının başqanı Arif Hacılının polis orqanlarına çağırılması ilə bağlı məlumatları təkzib edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Arif Hacılı heç bir polis orqanına dəvət edilməyib, sadecə karantin rejiminin qaydalarını pozmasına dair onun barəsində Yasamal Rayon Polis İdarəsində tərtib olunan protokol ona təqdim olunub.

Bundan əvvəl isə Müsavat partiyasının sədri Arif Hacılı evinə polis gəldiyini yazıb. Bu barədə o özü məlumat yayıb. Partiya başqanı yazıb ki, yaşadığı ünvana polis gəlib, onu polis idarəsinə çağırırlar. Hacılı polisə hansı səbəbdən aparılması ilə bağlı heç nə deməyib.

Bu günlərdə Hacılı Hacılı Müsavat üzvlərinin polis təzyiqlərinə məruz qalmasına dair məlumat paylaşıb.

Müsavat üzvlərinə təzyiq...

Arif Hacılı yazıb ki, ölkə polisi hərəkətə keçib, müsavatçılara qarşı son vaxtlar təzyiqlər, hədələr artıb.

"Belə görünür ki, Respublikanın rayonlarında şəhidlərimizin məzarlarını ziyarət etməyimiz hakimiyyəti ciddi narahat edib. Ölkə polisi hərəkətə keçib. Arxamızca gəzib bizi izlədikləri bir yana indi də mənimlə birlikdə şəhidlərimizin məzarlarını ziyarət etmiş Müsavat üzvləri polis idarələrinə çağırılır.

Guya açıq havada, 10 nəfərdən az olan qrupların ziyarət mərasimində şəkil çəkdirmə zamanı bəzi Müsavat üzvlərinin maskalarını çıxarmaları hakimiyyəti o qədər narahat edib ki, Abşeron, Sabirabad, Bilasuvar və başqa rayonların polis idarələri həyacana gəlib.

İki gün əvvəl də Suraxanı polisi Müsavatın yerli təşkilatı üzvlərinin bəzən toplaşdığı bir məkana hücum edib 5 nəfəri qanunsuz olaraq saxlayaraq polis idarəsinə aparmışdı, onlara qarşı siyasi məzmunlu təhdidlərə yol vermişdi", - deyə partiya sədri qeyd edib.

Arif Hacılı əlavə edib ki, aydındır ki, bu hərəkətlənmə heç də pandemiya ilə bağlı deyil.

Onun sözlərinə görə, hakimiyyət bütün təziqlərə, təhdidlərə baxmayaraq yenə də bütün ölkə miqyasında fəaliyyətimizdən, xüsusilə şəhidlərimizə sahib çıxmağımızdan narahatlıq keçirir:

"Müsavat Partiyası olaraq bizim xalq qarşısında xüsusi missiyamız var. Bütün təziq və təhdidlər bizi bu missiyanı yerinə yetirməkdən heç vaxt çəkindirməyib və çəkindirməyəcək", - deyə o, qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun