Maraqlı müqayisələr sırasından: Dövlət Statistika Komitəsi bizə yalnız orta aylıq nominal əməkhaqqı barədə məlumat verir. 2020-ci ilin nəticəsinə görə onun səviyyəsi 707,3 AZN təşkil etmişdir. Amma bu orta əməkhaqqıdır. Real vəziyyəti başa düşmək üçün biz digər göstəricilərdən istifadə etməliyik. Onlardan biri də median əməkhaqqı səviyyəsidir.
Median o deməkdir ki, iqtisadiyyatda çalışanların 50% ondan aşağı, 50% isə ondan yuxarı əməkhaqqı alır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə bu rəqəmi açıqlayıb. Deməli 2020-ci ildə orta əməkhaqqı səviyyəsi 707,3 AZN olduğu halda, median əməkhaqqı səviyyəsi 343 AZN idi. Başqa sözlə reallıqda muzdlu (yəni maaş alan) işçilərin yarısı 343 AZN-dən aşağı maaş alırlar. Bu isə orta əməkhaqqının 48,5%-dir.
Median əməkhaqqı ilə bağlı yazdığıma dair müxtəlif şərhlər gəldi. Məsələ ondan ibarətdir ki, 343 AZN bu sadəcə rəsmi əməkhaqqı səviyyəsidir. Rəsmi əməkhaqqını isə Azərbaycanda yalnız 1,68 milyon insan alır. Kifayət qədər insan ümumiyyətlə əmək bazarından kənarda qalır (rəsmi adı "individual sahibkar" (yəni maaş yox, xidmət haqqı alan), "xidmət müqaviləsi ilə çalışan" və ya ümumiyyətlə heç bir rəsmi statusu olmayan şəxslərdir). Bəs onları əlavə etsək nə qədər olacaq? Fikrimcə bu göstərici daha da aşağı düşəcək. Misal üçün, 2020-ci ildə elə sahibkarlar var idi ki, dövlətdən 250 AZN almaq ilə kifayətlənməli oldular, çünki karantinə görə heç bir işi yerinə yetirə bilmirdilər.
Başqa tərəfdən hökumətin "ağartma" siyasəti də başdan ayağa fiksiyadır. İnsan tanıyıram ki, rəsmi olaraq "yarım-stavka" çalışır, günə 5 saat, həftəyə 35 saat. Reallıqda qanunvericiliyə görə istismardır, amma maaş xatirinə görə insanlar işləyir. Rəsmi maaşı 125 AZN-dən aşağı ola bilməz (250 AZN/2). Amma bu şirkət rəsmi olaraq hardasa 150 AZN yazır, nağd olaraq isə 200 AZN ödəyir. Bu məbləğ vəziyyəti necəsə dəyişdirirmi?
Ya da rəsmi maaşı 261 AZN olan, amma nağd olaraq 290 AZN alan insanlar tanıyıram. Yəni fikrinizcə 29 AZN vəziyyəti necəsə dəyişdirir? Bir çox yerlərdə maaş (rəsmi+qeyri-rəsmi) 300-350 AZN-dən çox deyil.
Hətta çox uzağa getməyək. Rəsmi olaraq Dövlət Statistika Komitəsi xəbər verir ki, dövlət sektorunda səhiyyə sahəsində fəaliyyətdə orta əməkhaqqı 508,9 AZN-dir. Yəni bu hələ orta əməkhaqqıdır. İndi bu sahə üzrə median əməkhaqqını təsəvvür edin. Ya da misal üçün, çirkli suların və tullantıların yığılması sektorlarında (7 min insan çalışdığı sahədə) orta əməkhaqqı 309-361 AZN təşkil edir. Yenə də medianı sadəcə təsəvvür etmək qalır.
Ya da median əməkhaqqı barədə danışılan hesabatda qeyd olunub ki, bu il ödənişli ictimai iş yerlərinə 48 min insan cəlb olunmuşdu. Bilirsiz bu iş yerlərində əməkhaqqı nə qədərdir? 250 manat.
Yəni ümumi olaraq vəziyyət faciəvidir. Qiymətlər qalxır, gəlir səviyyəsi isə aşağı olaraq da qalır.
Toğrul Vəliyev