Anar Məmmədli: "Seçkilərin nəticələri əsasında partiyaların maliyyələşdirilməsi ədalətli qayda deyil"

Anar Məmmədli: "Seçkilərin nəticələri əsasında partiyaların maliyyələşdirilməsi ədalətli qayda deyil"
17 Fevral 2021
Mətni dəyiş

Azərbaycanda siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. Bu günlərdə Respublikaçı Alternativ Partiyası da daxil olmaqla 10 siyasi partiyaya ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib. 

Siyasi partiyalara maliyyə yardımı Azərbaycan Respublikası qanunvericiliyində öz əksini tapsa da, birmənalı qarşılanmır. Bir qrup insan düşünür ki, dövlət siyasi partiyaları maliyyələşdirməməlidir, şərait yaratmalıdır ki, onların maliyyə mənbələri olsun. Digər bir qrup isə siyasi partiyaların da dövlət büdcəsindən pay almalı olduğunu düşünür. Bəs görəsən, partiyaların maliyyələşməsi dövlətdən olmalıdırmı? Xarici praktikalarda əsasən necədir? Əgər bu qəbul olunan qaydadırsa, kriteriyalar düzgün müəyyən edilibmi?

"Bir sıra ölkələrin praktikasında var"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli deyir ki, partiyaların dövlət büdcəsindən maliyyələşməsi bir sıra ölkələrin praktikasında var.

Onun sözlərinə görə, partiyaların dövlət resurslarından faydalanması təcürbə olaraq keçid dövrünü yaşayan ölkələrdə, bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən hətta Türkiyə kimi ötən əsirin ortalarından başlayaraq bir demokratik ənənəsi formalaşan ölkələrdə var.

Məmmədli deyir ki, dövlət resurslarından istifadə müxtəlif formalarda olur: "Dəstək təkcə maliyyə vəsaiti ayırmaq deyil, həm də dövlətə məxsus obyektlərdə mülkiyyətdən istifadədir, bura televizyalarda efir vaxtı da daxildir. Ümumilikdə bu tərcürbə var. Hətta Gürcüstanda da belə praktika mövcuddur", - deyə Anar Məmmədli qeyd edib.

SMDT rəhbəri deyir ki, bu praktika bir qayda olaraq parlament idarə üsulu olan ölkələrdə olur.

Onun sözlərinə görə, bizdə parlamentar sistem deyil, ancaq bu dəkstəkdə parlament seçkilərinin nəticələri əsas göstərici kimi nəzərə alınır.

"Məncə, burada parlamentar sistemin olub-olmaması o qədər də əhəmiyyətli deyil. Əhəmiyyətli olan, indikator kimi götürülən parlament seçkilərinin nə qədər ədalətli olmasıdır. Bizdə isə keyfiyyətli, yəni ədalətli, demokratik seçkilər keçirilmir. Belə olan halda bizdə bu seçkilərin nəticələri əsasında partiyaların maliyyələşmə məsələsini təmin etmək bir o qədər də ədalətli qayda deyil", - deyə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli bildirib.

“Milli Məclisdə təmsil olunandan bəri dövlət büdcəsindən Vətəndaş Birliyi Partiyasına ayrılan vəsaitdən imtina etmişik”

Bunu Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev deyib. O bildirib ki, rəhbərlik etdiyi partiya dövlət büdcəsindən ayrılan vəsaitidən təkcə bu il imtina etməyib: “Biz parlamentdə təmsil olunandan bu yana həmin vəsaitdən imtina etmişik. Bunun da əsas səbəbi odur ki, həmin vəsait daha ehtiyaclı yerlərə sərf olunsun”, - deyə Hacıyev qeyd edib.

S.Hacıyev Vətəndaş Birliyi Partiyasının sədri kimi 2005-di ildən Milli Məclisin deputatıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun