Vətəndaş cəmiyyəti qurumları "Media haqqında" qanunla bağlı müraciət yayıblar

Vətəndaş cəmiyyəti qurumları "Media haqqında" qanunla bağlı müraciət yayıblar
17 Dekabr 2021
Mətni dəyiş

Vətəndaş Cəmiyyəti nümayəndələri hazırda parlamentdə ikinci oxunuşda müzakirə olunan "Media haqqında" qanunun parlametdə müzakirəsinin dayandırılmasına çağırıb. AbzasMedia müraciəti olduğu kimi təqdim edir: Milli Məclis dekabrın 10-da ictimaiyyətə açıqlanan “Media haqqında” qanun layihəsi təklifini, bir neçə gün sonra birinci oxunuşda qəbul edib. Parlament yeni qanun layihəsini qəbul edərsə, media ilə bağlı əsas qanunlar olan “Kütləvi İnformasiya Vasitələri haqqında” və “Teleradio yayımı haqqında” qanunlar ləğv ediləcək. Ancaq təssüf ki, hazırda yeni qanunun qəbulu prosesi ölkə ictimaiyəti ilə yanaşı Azərbaycanın üzvü olduğu Avropa Şurası və ATƏT-in müvafiq standartları və ekspert rəyi öyrənilmədən aparılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Avropa Şurasına üzv olduğu zaman media qanunvericiliyinə ciddi islahatlar edilib, 1999-cu ildə qəbul edilən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna Avropa Şurası Nazirlər Komitəsi və ATƏT-in media azadlığı ilə əlaqəli tövsiyyələri işığında zəruri dəyişiklik və əlavələr olunub, 2002-ci ildə isə Avropa Şurası  ölçülərinə cavab verən “Televiziya və radio yayımı” haqqında yeni qanun qəbul edilib. 2005-ci ildə isə Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin icrası kontekstində informasiya açıqlığının mexanizmlərini əhatə edən “İnformasiya əldə edilməsi haqqında” qanun qəbul olunub. Bu qanunların və qanunlara dəyişikliklərinin hazırlanması və qəbulu yerli eksperlərlə yanaşı, Avropa Şurası və ATƏT strukturlarının yaxından iştirakı ilə həyata keçirilib.

Biz təəsüflə qeyd ediirk ki, “Media haqqında” qanun layihəsi təşəbbüsü bu barədə ictimai ehtiyaclar izah edilmədən, ictimai müzakirələr keçirilmədən, habelə, beynəlxalq standartlar öyrənilmədən Milli Məclisə təqdim edilib. Qanun layihəsinin mətni parlamentdə müzakirələr təyin edildikdən bir gün öncə cəmiyyətə açıqlanıb. Bununla da həm Avropa Şurası standartlarına uyğun hazırlanıb qəbul edilən mövcud “İnformasiya əldə edilməsi haqqında” qanuna (bu qanun layihə təkliflərini azı 1 ay əvvəl cəmiyyətə açıqlamaq şərti qoyur), həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə əməl olunmayıb.

Biz hesab ediirk ki, İfadə azadlığı və media qurumlarının fəaliyyətini tənzimləyən qanun bütün maraqlı tərəfləri dinləmək, uzun sürən ictimai müzakirə testindən keçmək və milli qanunvericliyin Avropa Şurası təcrübəsinə uyğunlaşdıırlması öhdəliyi nəzərə alınmaqla qəbul edilməldir. Bizim ilkin dəyərləndirməmiz göstərir ki, “Media haqqında” qanun layihəsinin müddəaları ilə Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələr, xüsusilə Avropa İnsan Haqlari Konvensiyasının ifadə və media azadlığı hüququna təminat verən prisnipləri arasında ciddi uyğunsuzluqlar var. Bütün bunlar isə ölkədə ifadə azadlığının müdafiəsi və media orqanlarının sərbəst fəaliyyətinə təhdidlər yaradır. Ümumiyyətlə, hazırkı layihə təklifi ifadə azadlığı hüququnun təməl prinsiplərinə uyğun gəlmir.

Bütün bunları nəzərə alaraq, biz hazırkı şərtlər çərçivəsində “Media haqqında” qanun layihəsinin parlamentdə müzakirəsinin dayandırmağa çağırır, bu qanun layihəsinin qəbulu ilə bağlı beynəlxalq mütəxəssislərin də dəvət olunması ilə yeni işçi qrupun yaradılmasını təklif edirik. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq, beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertlərindən ibarət işçi qrupun bu qanun layihəsi ilə bağlı təkliflərinin öyrənilməsini zəruri sayırıq.

Hörmətlə,

Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

Xalid Ağaliyev, Media Hüququ Qrupu

Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutu

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun