Vəsaitləri tükənən Dünya Qida Proqramı Yəməndə 8 milyon insana verilən ərzaq yardımını azaldacaq

Vəsaitləri tükənən Dünya Qida Proqramı Yəməndə 8 milyon insana verilən ərzaq yardımını azaldacaq
22 Dekabr 2021
Mətni dəyiş
Dünya Qida Proqramı (DQP) ilin əvvəlindən Yəməndə 8 milyon insana verdiyi ərzaq yardımını məhdudlaşdıracağını açıqlayıb. DQP bildirib ki, qərar maliyyə resurslarının çatışmazlığına görə verilib. Bu vəziyyətin vətəndaş müharibəsi səbəbindən ölkədə yaşanan aclığı daha da artıracağından ehtiyat edilir. DQP regional direktoru Korinn Fleyşer bildirib ki, qurumun Yəməndəki qida ehtiyatları təhlükəli səviyyədə azalıb və əlavə edib: “Nə vaxt ərzaq miqdarını azaltsaq, bilirik ki, qida təhlükəsizliyi olmayan şəxslər digər milyonlarla insan kimi ac qalacaqlar”. Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq yardımı proqramı DQP-nin açıqlamasında, 8 milyon insana verilən ərzaq yardımının məbləğinin yanvar ayından etibarən yarıya qədər azaldılacağı, bu halda aclıq riski altında olan 5 milyon insana verilən ərzaq yardımının tam miqdar olaraq davam etdiriləcəyi bildirilib. Bəyanatda digər ərzaq yardımları və uşaqların qida çatışmazlığı ilə mübarizə proqramlarının da məhdudlaşdırılma təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edilib. Dünya Qida Proqramı Yəməndə aclıq və ərzaq təhlükəsizliyi ilə mübarizəsinə görə 2020-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. DQP ilin əvvəlindən donorlardan vəsait ayırmağı xahiş edirdi. BMT-nin dörd agentliyi ötən fevral ayında Yəməndə 5 yaşdan kiçik 2 milyondan çox uşağın xroniki qida çatışmazlığından əziyyət çəkdiyini açıqlamış və regiondakı iştirakçıları illərdir davam edən böhrana son qoymağa çağırmışdı. Yəməndəki humanitar böhrana diqqət çəkmək üçün keçirilən toplantıda çıxış edən DQP prezidenti Devid Bisli ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı da daxil olmaqla donorlara müraciət edərək, qurumun pullarının tükənmək üzrə olduğunu, yeni vəsaitlərin aclığın və digər fəlakətlərin qarşısını almaq üçün həyati vacib olduğunu bildirib. BMT-nin Baş katibi Antonio Quterreşin də Yəmənə 3,85 milyard dollar yardım istəməsinə baxmayaraq, donorlar bu məbləğin yalnız yarısını toplayıblar. Oktyabr ayına olan məlumata görə, ümumi maliyyə 2,68 milyard dollara çatıb, lakin bu, tələb olunandan xeyli aşağıdır. Dünya Qida Proqramı sentyabr ayında verdiyi bəyanatda yeni vəsaitlərin gəlməyəcəyi təqdirdə, oktyabr ayından yardımın həcmini azaltmalı olacaqları barədə xəbərdarlıq etmişdi. Yəməndə 7 il əvvəl başlayan müharibə, yüksək inflyasiya və idxal məhdudiyyətləri ölkəni aclığa sürükləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun