Bu gün Bakının Fəvvarələr Meydanında 40 gündür aclıq edən Qarabağ qazisi, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmliyə azadlıq tələbi ilə növbəti mitinq keçirilib.
Polis aksiyaya müdaxilə edib və onlarla şəxs saxlanılıb.
Saxlanılanlar arasında 1 dekabr aksiyasında işgəncəyə məruz qoyulan Tofiq Yaqublu da var.
Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Apellyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.
Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.
Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.
Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.
Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.
Saleh Rüstəmli qanunsuz həbsinə və Amnistiya Aktına düşmədiyinə görə, 40 gündür aclıq aksiyası edir.
Rüstəmli artıq 3 gündür ki, sudan və dərmandan imtina edərək quru aclığa keçib.